COP29

Cəbiş müəllimdən Ağadadaşa həyat dərsi

12 Aprel 02:10 Neftçi 2 224
Cəbiş müəllimdən Ağadadaşa həyat dərsi

Aylardır ki, "Neftçi”nin gənc hücumçusu Ağadadaş Salyanskini tərifləməklə məşğuluq.

U-21 millimizin də üzvü olan gənc futbolçunun əsas heyətə dəvət olunması, yararsız legionerlərdənsə ona şans verilməsi üçün yetərincə təbliğat aparılıb.

Mən bütün bunları kiməsə minnət qoymaq üçün demirəm. Sözün əsl mənasında bir gənc azərbaycanlı futbolçunun gələcəyi üçün narahat olduğum üçün öz üzərimə düşəni edirəm.

Təssüflər olsun ki, Ağadadaş Salyanski bizim bütün bu etdiklərimizin qarşılığını başqa cür verib. Bilmirəm, bəlkə də son günlər barəsində səsləndirilən təriflərdən baş gicəllənib. Yoxsa "Neftçi”nin əvəzedici heyətində vurduğu 28 qoldan sonra onda eyforiya yaranıb. Dəqiq demək çətindir. Amma görünən odur ki, Ağadadaş özünü heç də bizim düşündüyümüz qədər yaxşı aparmayıb. AFFA İntizam Komitəsi aprelin 9-da keçirilən iclasında Salyanskini 4 oyunluq cəzalandırıb, "Neftçi”yə isə 300 manat pul cəriməsi kəsib. Səbəb də onun etdiyi qeyri-etik jestdir.

Çox keçmədi ki, həmin qeyri-etik jestin nədən ibarət olduğunu da öyrəndik. Məlum oldu ki, 20 yaşını bu ilin iyununda tamamlayacaq Ağadadaş "Sumqayıt”la oyunda rəqibin baş məşqçisi Vaqif Cavadovun da yer aldığı ehtiyat oyunçular skamyasına tərəf qeyri-etik jest edib, yəni ki, özünün biədəb yerini göstərib. Əlbəttə, 29 oyuna 28 qol vurmaq yaxşı göstəricidir. Amma lap elə 128 qol vursan da, sənin bu cür hərəkətlər etməyə haqqın çatmır. Əvəzedicilərin çempionatının səviyyəsinin aşağı olması hər kəsə məlumdur. Orda vurulan qollar, qazanılan nəticələr futbol adına ciddi göstərici deyil. Lap elə sən yaxşı hücumçu olsan belə, kiməsə öz ayıb yerini göstərəcək qədər özündənrazılıq etməməlisən. Adama deyərlər ki, sən Vaqif Cavadovun yerində olsan, camaata nə göstərərdin?

Ağadadaşın məlum davranışıyla bağlı "İdmanxəbər”ə verdiyi açıqlamaya diqqət edək: "Kənardan bizi cırnadırdılar. Mən də "8 dənə vuranda belə demirdiniz” deyib, qeyri-etik jest etdim. Belə konkret olaraq heç kimi vurmamışam, kimisə təhqir etməmişəm. O jesti də ünvanlı olaraq kiməsə qarşı etmədim. Sadəcə, ümumi bir təpki göstərdim”.

Kiməsə qarşı nəsə edəndə, gərək mütləq özünü qarşıdakıların yerinə qoyasan. 8 dənə vuranda sənə "sağ ol” deməli deyildilər ki. Qol vurmusan, öz komandana uğur qazandırmısan. Sabah hansısa daha ciddi rəqiblə oynayanda da səni cırnatsalar, qırmızı vərəqə alıb, həm özünü, həm də komandanı pis vəziyyətdə qoymalısan?! Hər dəfəsində azərbaycanlı futbolçuların legioner həyatı yaşaya bilməməsinin səbəblərini araşdırırıq, müxtəlif səbəb və bəhanələr tapırıq. Düşünürəm ki, həmin o ciddi səbəblərdən biri də bizimkilərin xarakterindəki problemlərdir. Ayaqları birbalaca top tutmağa başlayandan, rəqibin qapısına 2-3 dəfə qol vurandan sonra özlərini "ulduz” hesab etməyə başlayırlar.

Vaqiq Cavadov bu hadisəylə bağlı açıqlamasında Ağadadaşın hərəkətinə görə üzrxahlıq etməməsindən təəssüfləndiyini bildirib. Məncə də, Cavadov haqlıdır. Bu yaşda belə bir səhvə yol vermisənsə, həm o səhvi etdiyin adamlardan, həm də pis vəziyyətdə qoyduğun komandandan üzr istəməlisən. Görünən odur ki, "Neftçi”də hökm sürən anarxiya səbəbindən gənc futbolçularla lazımı söhbətlər aparılmır, onları düzgün yola istiqamətləndirmirlər. Belə olmasaydı, Ağadadaş verdiyi açıqlamasında da özünə bəraət qazandırmaz, üzr istəyərdi.

"Bizim Cəbiş müəllim” filmində çox ibratamiz epizod var. Namiq Makedona sillə vurandan sonra Cəbiş müəllim "zərərçəkmiş”ə yaxınlaşır və deyir: "Bir vaxt başa düşsən ki, səni nə üstündə vurdular, bəlkə, onda səndən adam oldu...” Məsəli ondan uzaq olsun, mənim Ağadadaşın şəxsiyyətinə heç bir iradım yoxdur. Amma futbolçu kimi püxtələşmək, yaxşı hücumçu olmaq, gələcəkdə böyük klublarda oynamaq istəyirsə, mütləq öz hərəkətlərinə çəki-düzən verməli, meydandakı hərəkətlərinə diqqət etməlidir. Yəni ki, AFFA İntizam Komitəsinin onu nə üçün cəzalandırdığını mütləq soyuq başla düşünməlidir (qaynarinfo).

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti