"Neftçi"yə Elçin Məsiyevdən daha çox zərər verən "Neftçi"li kimdir?

11 Aprel 19:00 Neftçi 1 490
"Neftçi"yə Elçin Məsiyevdən daha çox zərər verən "Neftçi"li kimdir?

"Təəssüf ki, hakim qaydalar çərçivəsində vurulan təmiz qolumuzu qeydə almadı. Təkrara baxsaq, görərik ki, rəqib müdafiəçi aşkar şəkildə məni kürəyimdən itələyir. Orada mənə qarşı qayda pozulmuşdu, mən kobud oynamamışdım.

Qolumuz hesaba alınmır, penaltimiz verilmir, belə olduğu halda nə etməliyik?".

Bu fikirləri "Sumqayıt"la bərabərə bitən (1:1) qarşılaşmadan sonra "Neftçi"nin forvardı Yeqor Boqomolski dilə gətirib.

Belaruslu hücumçunun dediklərində həqiqət payı az deyil.

Həqiqətən, məlum matçın baş hakimi Elçin Məsiyev "ağ qaralar"ın əleyhinə verdiyi bir sıra qərarlarla yadda qalmışdı.

Amma FİFA referisinin qərarlarına azarkeşlər etiraz etsin, klub rəsmiləri narazılıq bildirsin, mətbuat nümayəndələri tənqidi yazılar yazsın.

Daha Boqomolski danışmasın.

O, hazırda "Neftçi"də danışmalı, etiraz etməli ən sonuncu adam sayıla bilər.

Məsiyev bircə "Kimyaçılar"la oyunda "Neftçi"nin qələbəsinə mane olub, azarkeşlərin əsəblərini tarıma çəkib.

Amma Yuqor mövsüm başlayandan eyni işi görür.

Hər halda, tərəziyə qoysaq bir forvardın arxada qalan 29 turda cəmi 2 qol vurması ilə komandasına verdiyi "fayda" Məsiyevin vurduğu ziyandan ağır gələr.

Həmin 29 oyunun 22-də əcnəbi futbolçu meydanda olub. Özü də 12 oyun start heyətində olmaqla.

Belədə meydanda "susan" Yuqor elə kənarda da sussa yaxşıdır.

Yaxşı mövsüm keçirən hansısa oyunçu bu barədə danışsa, adama təsir etməz.

Dərd də ondadır ki, indiki "Neftçi"də yaxşı mövsüm keçirən futbolçu tapmaq, iynə ilə gor qazmaq kimi bir şeydir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti