"Neftçi"də bu adamın günahı azərbaycanlı olması, yoxsa Azərbaycan dilini bilməsidir?

10 Aprel 19:00 Neftçi 2 046
"Neftçi"də bu adamın günahı azərbaycanlı olması, yoxsa Azərbaycan dilini bilməsidir?

“Neftçi” növbəti dəfə tarixi derbidə “Qarabağ”a məğlub oldu.

Yox, darmadağın oldu – 0:4.

Bu dəfəki fiasko ölkə kubokunun yarımfinal mərhələsində yaşandı.

Təəccübləndik?

Əsla.

“Neftçi” elə yanlış yoldadır ki, belə məğlubiyyətlər heç kim üçün qeyri-adi səslənmir.

Amma biz deyib, biz eşidirik.

Sanki “Neftçi”də kimlərsə bu mənzərədən həzz alır.

Ən qəribəsi isə odur ki, həmin şəxslər qalıb kənarda.

Meydanda üz-üzə qalanlar isə azarkeşlər və futbolçulardır.

Düzdü, “Forza Neftçi” bir neçə oyundu verdiyi boykot qərarı səbəbindən tribunalarda yer almır.

Təbii ki, “ağ qaralar”ın oyununa gələn sadə tərəfdarlar da yox deyil.

Elə “Qarabağ”a böyük hesabla məğlubiyyətdən sonra həmin azarkeşlər hirsini, qəzəbini töküb Azər Salahlının üzərinə. Həm də təhqir edərək.

Ümumiyyətlə,”Neftçi” cəbhəsində bu futbolçuya qarşı sanki bir antipatiya var.

Bəli, azarkeşin futbolçudan yaxşı oynamasını tələb etməsi normaldır. Bəs təhqir olunmasına nə ad verək? Hələ bir dəfə də olsun Azərin azarkeşlərə qarşı intizamsız hərkətini görməmişəm. Heç eşitməmişəm də. Halbuki sosial şəbəkələrdə də onu özündən çıxara biləcək haqsız iradlar, hətta təhqirlər çox olub.

Niyə?

Azər özbaşına gəlib bu kluba? Təbii ki, yox. Dəvət ediblər, müqavilə təklif ediblər o da gəlib. Kim “Neftçi”dən imtina edər? Heç kim! Və ya bu günə kimi "Neftçi"dən uğursuzluğa görə hansı futbolçu öz xoşu ilə gedib ki, Azər də ona qoşulsun?

Digər tərəfdən guya torba-torba maaş alan legionerlər “Neftçi” üçün nəsə edib, bircə Azər qalıb?

Bəlkə, bir az da sonuncu dəfə ötən il meydana çıxan Lukas Melanodan, 21 oyunda 2 qol vuran Boqomolskidən, 19 oyunda bir dəfə rəqib torunu silkələyən Şinyaşikidən, mövsüm başa çatmasına baxmayaraq hələ bir normal 90 dəqiqə keçirməyən Mirzovdan danışılsın?

Bəlkə, bir dəfə də onlar tribunalar önünə hesab-kitab üçün dəvət edilsin?

Salahlının günahı azərbaycanlı olması, yoxsa Azərbaycan dilini bilməsidir?

Ondan qat-qat artıq maaş alanların fonunda Azərin təhqir olunması ədalətsizlik deyilmi?

Unutmayın, “Neftçi”ni bu günə salan, milyonlarını dağıdan öncə rəsmiləri, sonra da dünyanın dördbir yanından gələn legionerləridir.

Ən sonda da Azər. Günahkar axtarışına səhv çıxmısınız, bəylər. Elə "Neftçi"nin son illərdəki ən böyük bəlası da həmin səhvinizdən başlayır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti