“Qəbələ” - “Neftçi” qarşılaşmasından sonra yerli azarkeşlərin üzgünlüyünü başa düşmək olardı.
Bölgə təmsilçisinin doğma meydanda yerli publikanın önündə qonaqlara 0:1 hesabı ilə məğlub olması qəbələlilərin “kefinə soğan doğramışdı”.
Tribunaladakıların bir qismi son dəqiqələrdə stadionu tərk etsələr də, səbrsizliklə matçın yekununu gözləyənlər də az deyildi.
Yeniyetmə azarkeşlərin niyyəti “Neftçi”nin futbolçularını yaxından görmək, onlarla şəkil çəkdirmək idi. Polis və mühafizəçilərin fanatları avtobusların yanından uzaqlaşdırmaq istəyi baş tutmadı.
Futbolsevərlərin arzusunu gözündə qoymaq istəməyən asayiş keşikçiləri onlara istədiklərini fürsəti yaradınca, “Neftçi”nin bəzi futbolçuları onların xahişini yerinə yetirdi.
Qeyri-sabit nəticələrə görə Bakıda öz azarkeşlərindən sevgi görməyən “Neftçi”lilərin bölgədə bu cür münasibətlə qarşılaşması futbolçuların əhval-ruhiyyəsini yüksəltmişdi.
HƏBİB / SPORTİNFO.AZ

