Bu "Neftçi"yə Emin Mahmudov lazımdırmı?

16 Mart 10:40 Neftçi 7 518
Bu "Neftçi"yə Emin Mahmudov lazımdırmı?

«Neftçi» cari mövsüm ilk böyükhesablı qələbəsini qazandı.

Bu, Premyer Liqanın 27-ci turuna təsadüf etdi.

«Səbail»lə qarşılaşma yalnız 3 cavabsız qolla yadda qalmadı. «Neftçi» rəngli oyunu ilə ümid verdi.

Miodraq Bojoviçin gəlişindən sonra ilk dəfə praqmatik tərzdən imtina elədilər, bəhrəsini də dərdilər.

Birinci hissə, ümumiyyətlə, «Neftçi»nin üstünlüyü şəratində keçdi. Ardıcıl hücumlar özüylə iki qol gətirdi.

Əsas heyətdə bir neçə dəyişikliyə əl atan Bojoviç, yəqin ki, bu «onbirliy»i gələn həftələrdə də pozmayacaq.

Yaxın və uzaq məsafələrdən rəqibin qapısına zərbələr endirən «Neftçi»də Eddi İsrafilovla Filip Ozobiçin fəallığını, eyni zamanda, yaradıcılığını görməzdən gəlmək olmaz.

Yeqor Boqomolski? Belaruslu hücumçu ilyarımdan artıqdır burada forma geyinsə də, indi-indi özünü tapmağa başlayıb.

Artıq ayağı açılıb, qol vurur.

Tək Boqomolski ilə kifayətlənmir bu tərpəniş. «Neftçi» son turlarda aktivinə xeyli sayda qol yazır.

Bojoviçin gəlişi ilə hücum fazasında dirilişin baş verməsi üst-üstə düşür.

Emin Mahmudovsuz «Neftçi» yaxşı təsir bağışlayır... Mən ilk dəfə deyil ki, bu barədə eşidirəm.

Kapitanın yoxluğunda qazanılan hər qələbədən sonra bu və buna oxşar fikirlər istər mediada, istərsə də sosial şəbəkələrdə gündəmi zəbt edir, danışılır.

Elin gözü tərəzidir, düz sözə nə deyəsən?!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti