Utanmasan, "Neftçi"nin baş məşqçisi olmağa nə var ki?

12 Mart 17:00 Neftçi 990
Utanmasan, "Neftçi"nin baş məşqçisi olmağa nə var ki?

“Kəpəz” qış fasiləsində təlim-məşq toplanışı üçün ölkəni tərk etməyən azsaylı klublardan idi.

Amma digərlərindən fərqli olaraq “Kəpəz”in kənara çıxa bilməməsi maliyyə problemilə bağlıyıdı. İmkanlar imkan versəydi, Şükürov kollektivi təlim-məşq toplanışı üçün Türkiyəyə aparacaqdı.

Maddi imkanların azlığı yalnız hazırlıq prosesində yox, bir çox məqamlarda özünü qabarıq göstərir.

Məsələn, təyinatı açıqlanan gündən baş məşqçinin əsas istəyi 1 mərkəz müdafiəçisinin alınmasıdır.

Keyfiyyətli stopper az pula gəlmir, gələnin də haqqını ödəmək müşkülə çevrildi. Siyahını uzatmaq da olar.

Lakin bir çox əskiklərə rəğmən Gəncə təmsilçisi meydana çıxanda hər şeyi arxa planda qoymağı bacarır.

Hətta yağ-bal içində olan, milli komandalara görə yaranmış fasilədə belə xaricində toplanış keçməyi planlaşdıran “Neftçi”yə qarşı Premyer Liqanın 26-cı turunda olduğu kimi.

“Kəpəz” büdcəsinə, heyətinə, resuslarına görə dəfələrlə gerisində qaldığı “ağ qaralar” meydanda dərs keçdi.

Bunun üçün Martins Juniorun vurduğu 3-cü qolda qurulan hücuma baxmaq kifayətdir.

Qələbə üçün isə yalnız bəxtləri gətirmədi. Meydanda tərəfləri tanımasan, elə bilərdin ki, böyük imkanlara, böyük iddialara sahib klub nominal meydan sahibləridir.

Nominal meydan sahibləri demişkən, “Kəpəz”in hələ də ev oyunlarını keçirməyə bəlli meydançası yoxdur.

Son ev oyununu Qəbələdə keçiriblər, bu dəfə rəqibini Tovuzda qəbul etdilər, qarşıdakı ev oyunu da Bakıda baş tutacaq. Sonrası da naməlum olaraq qalır.

Belə gündə olan bir rəqiblə oyunda alınan bərabərlikdən sonra gərək bütün “Neftçi” cəbhəsi xəcalət çəkərdi. Başda da baş məşqçi Miodraq Bojoviç.

Düşünürdüm ki, əcnəbi mütəxəssis oyundan sonra belə oyuna, belə nəticəyə görə azarkeşlərdən üzr istəyəcək.

Amma montoneqrolu oyunsonrası mətbuat konfrasında ucuz bəhanələrlə yadda qalıb. Hətta yetirmələrinə göstərdikləri oyuna görə təşəkkür edib:

“Futbolçularıma təşəkkür edirəm. Deyərdim ki, yaxşı oynadıq. İlk hissədə oyuna nəzarət bizdə idi. Yaxşı ki, məğlub olmadıq. Komandam sona kimi xarakter göstərdi. 14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik”.

Utanmasan Bojoviç olmağa nə var ki?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti