"Neftçi": "Hansı təzyiqlərdən söhbət gedir?" - VİDEO

7 Mart 02:10 Neftçi 621
"Neftçi": "Hansı təzyiqlərdən söhbət gedir?" - VİDEO

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Qarabağ”a 1:4 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin bir neçə azarkeşi etiraz məqsədi ilə klubun inzibati binasının ərazisində gedərək pirotexniki vasitələrdən istifadə etmişdi.

Komandanın uğursuzluğuna dözə bilməyərək haqlı etirazlarını rəhbərliyə bu şəkildə bildirməyi üstün tutan "Neftçi” azarkeşlərinin sonu isə həbs olub.

Bir qədər də konkretləşdirsək, DİN-in Mətbuat Xidmətindən verilən açıqlamada həmin şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabirin müəyyən olunaraq saxlanıldığı bildirilib.

Məhkəmənin qərarı ilə Dadaşov 30, Quliyev isə 15 sutka inzibati qaydada həbs olunub. Digər iki nəfər isə cərimə edilib.

Klubun məsələ ilə bağlı rəsmi bəyanatında, "Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən "Neftçi” - "Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə

"Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı "Neftçi” PFK heç bir şikayət bildirməyib.

Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib” - sözlərindən istifadə olunmuşdu.

Açıqlamadan göründüyü kimi, klub hüquq-mühafizə orqanlarına azarkeşlərin addımı ilə bağlı heç bir şikayət etmədiyini bildirib. Məsələ burasındadır ki, baş verənlərdən sonra "Neftçi”yə qarşı təzyiqlər artıb.

Klubdan azarkeşlərin buraxılması ilə bağlı hər hansı addımlar atması tələb olunur. Bəs "Neftçi” həmin azarkeşlərin dəmir barmaqlılar arasına getməməsi və həbsdən buraxılması ilə bağlı hansısa cəhdlər göstəribmi?

Sportinfo.az xəbər verir ki, klubun mətbuat katibi Emin Əfəndi bununla bağlı Qaynarinfo-ya açıqlama verib.

O, sualı qısaca olaraq bu şəkildə cavablandırıb:

"Nəsə düşünürsünüz deyəndə, klub tərəfindən rəsmi açıqlama verilib. Orada hər şey yazılıb, əlavə nəsə deyə bilmərəm.

Hansı təzyiqlərdən söhbət gedir? Ümumiyyətlə, bu barədə nə olsa, hər şey rəsmi açıqlamalar vasitəsilə bildiriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti