“Neftçi” və “Difai” rəhbərliyi arasında MÜHÜM GÖRÜŞ

22 Aprel 17:40 Neftçi 885
“Neftçi” və “Difai” rəhbərliyi arasında MÜHÜM GÖRÜŞ

Bu gün “Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə paytaxt təmsilçisinin baş icraçı direktoru Fərrux Mahmudov, mətbuat xidmətinin rəhbəri Emin Əfəndi, qarşı tərəfdən isə klubun prezidenti Asəf Məlikov iştirak edib.

“Ağ-qaralar”ın bazasında təşkil olunan tədbirdə iki klub arasında əməkdaşlığın gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

A.Məlikov “Difai”nin tarixi və yaradılma məqsədləri, Region Liqasından başlayan və hazırda I Liqada davam edən mübarizənin gedişatı haqda məlumat verib.

O, yaxın illərdə Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmağı planlaşdırdıqlarını və təşkilati nöqteyi-nəzərdən “Neftçi”nin təcrübəsindən yararlanmağın mümkünlüyünü qeyd edib.

A.Məlikov göstərilən diqqətə görə F.Mahmudova öz minnətdarlığını bildirib.

Deyib ki, “Neftçi”nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında gündəlik məşq keçmələrinə şərait yaradılıb və bu, “fəadilər”ə ciddi dəstəkdir.

“Neftçi”nin baş icraçı direktoru da öz növbəsində “Difai”nin fəaliyyəti ilə bağlı məlumatlı olduqlarını, vaxtilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış təşkilatın adını daşıyan klubun futbol sektorunda uğurlar qazanacağına inamını ifadə edib.

F.Mahmudov bazadan istifadə və gənc futbolçu mübadiləsi mövzusunda “Difai” ilə əməkdaşlığa müsbət yanaşdıqlarını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti