“Neftçi”də hücumçu bolluğu olmasına baxmayaraq, rəhbərlik baş məşqçi Miodraq Bojoviçin istəyinə uyğun olaraq daha bir forvardın transferinə razılıq verdi.
Cinah yarımmüdafiəçisi Alfa Kontenin ardınca kolumbiyalı Brayan Moreno da “ağ-qaralar”la müqavilə bağladı.
Morenonun gəlişi ilə azarkeşlərin üzünün güldüyünü deyə bilmərik. 24 yaşlı forvardın cari mövsümün ilk yarısında meydanda az vaxt keçirməsi, karyerası ərzində məhsuldarlığının üst səviyyədə olmaması “Neftçi” fanatlarını narahat edir.
Bakılıların yeni “88 nömrə”si peşəkar futbolçu statusu ilə 2019-cu ildən, yəni 20 yaşından oynamağa başlayıb.
İlk klubu vətəni Kolumbiyanın yüksək liqasında mübarizə aparan “Atletiko Hulia” olub. Moreno 2022-ci ilin yanvarına qədər bu komandada çıxış edib.
İki ilyarımda bütün yarışlarda meydana çıxdığı 42 oyunda 10 qolla yadda qalıb. Demək olar bütün qarşılaşmalarda mərkəz hücumçusu kimi şans qazanıb.
Brayanın növbəti iş yeri Sofiya ÇSKA-sı olub. O, 2021-22 mövsümünün ikinci yarısında 3 görüşdə cəmi 105 dəqiqə şans qazanıb və ciddi mənada heç nə ilə yadda qalmayıb.
Növbəti futbol ilində çempionatda 25, ölkə kubokunda 3 qarşılaşmanın iştirakçısı olmaqla 10 qola imza atıb.
Cari mövsümdə Dakens Nazonun ideal formada olması, yayda ekvadorlu Maykl Estradanın transfer olunması Morenonun ÇSKA-nın heyətinə gedən yolunu bağlayıb. Nəticədə ötən ilin yayından dekabrına qədər 3 görüşdə 35 dəqiqə oynayıb.
Ümumi statistik vəziyyətə nəzər salmalı olsaq, ucaboy forvard 2019-cu ildən bu yana meydana çıxdığı 76 matçda 20 qolla yadda qalıb.
Əsasən sağ ayağı işlək olan kolumbiyalı cərimə meydançası daxilində fürsətcil hücumçu tipindədir.
Ustalıq səviyyəsi yüksək olmasa da, “çərçivə”ni vaxtında görməyi bacarır. Hava toplarında etibarlı olması, ikili mübarizələrdən üzüağ ayrılması da qeyd olunmalıdır.
HƏBİB / SPORTİNFO.AZ

