“Yeni baş məşqçinin rəhbərliyi altında fərqli təlim-məşq toplanışı oldu.
Fərqli ideyalar və tələblər var idi ki, bu müddətdə onları yerinə yetirməyə çalışdıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin Antalya toplanışı haqda danışan Dieqo Valdez deyib.
Yanvarın 4-dən 13-nə qədər qardaş ölkədə toplanış keçən “ağ-qaralar” bu müddətdə iki yoldaşlıq görüşündə qüvvəsini sınadı.
Lakin heç bir halda qələbəyə sevinə bilmədi. Türkiyənin Birinci Liqa təmsilçisi “Erzurumspor”a 1:3 hesabı ilə uduzan bakılılar növbəti matçda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Valdhof Mannheym” önündə darmadğın oldu – 0:3.
30 yaşlı paraqvaylı futbolçu yoldaşlıq görüşlərindəki nəticələrin komandanın real gücünün güstəricisi olmadığını düşünür:
“Bu cür oyunlarda qeydə alınan nəticələr önəmli deyil. Meydanda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq.
Əsas odur ki, nöqsanları aradan qaldıraq və hazır vəziyyətdə olaq. Hamımız peşəkar futbolçularıq, yeni baş məşqçimiz də kifayət qədər təcrübəlidir.
Müxtəlif klublarda nəticə verməyi bacarıb, uğurlar qazanıb. Bir-birimizə uyğunlaşmaq çox vaxt almayacaq”.
Dayaq yarımmüdafiəçisi olan Dieqo Valdez cari mövsümdə “Neftçi”nin formasında meydana çıxdığı 13 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB

