Heyəti kifayət qədər geniş olan “Neftçi”nin ən güclü mövqeləri qapı xətti və yarımmüdafiənin mərkəzidir.
Təkcə bir məqama yerinə yetirək. Deməli, kollektivdə dayaq yarımmüdafiəçisi kimi tanıdığımız dörd futbolçu yer alıb.
Azərbaycan millisinin hazırkı və sabiq üzvləri Eddi İsrafilovla Qara Qarayev, Fələstin seçməsinin üzvü Ataa Caber və Paraqvaydan olan “mühərrik” Dieqo Valdez.
Qara xeyli vaxtdır zədədən əziyyət çəkir, Ataa isə yığmanın heyətində Asiya Kubokunda iştirak edir.
Bu mənada əsas yük Eddi ilə Dieqonun üzərinə düşür. Komanda tam komplektləşəndən sonra əsas heyətə düşmək uğrunda rəqabət pik həddə çatacaq.
Paraqvaylı Valdez Sportinfo.az-a açıqlamasında dayaq yarımmüdafiəçiləri arasındakı mübarizədən söz açıb:
“İlk növbədə adını çəkdiyiniz komanda yoldaşlarımın bu gün kollektivdən ayrı düşməsinə üzüldüyümü deməliyəm.
Çox istərdim ki, təlim-məşq toplanışında hamı birlikdə olsun. Bu, komandaya daha çox fayda verərdi.
Hər biri “Neftçi” üçün lazımlı futbolçudur. Yarımmüdafiə xəttinin güclü olması və bir yer üçün bir neçə nəfərin mübarizə aparması komandamızın adına xoş haldır.
Belə olduğu halda meydana çıxan futbolçuda rahatlıq olmayacaq, meydanda canını qoyacaq. Və bundan “Neftçi” qazanacaq.
Əsas heyətdə kimin oynayacağına isə biz yox, baş məşqçi qərar verəcək”.
30 yaşlı futbolçu cari mövsümdə ağ-qara formada meydana çıxdığı 13 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB

