“Neftçi” Antalyada keçirdiyi yoldaşlıq görüşlərində qələbə üzünə həsrət qaldı.
Yanvarın 6-da Türkiyənin Birinci Liqa təmsilçisi “Erzurumspor”a uduzan “ağ-qaralar” (1:3) bir həftə sonra Almaniya təmsilçisinə boyun əydi.
“Gloria Sports Arena”da baş tutan oyunda bakılılar Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Valdhof Mannheym”ə böyük hesabla uduzdu – 0:3.
Rəqib komandanın 45 yaşlı baş məşqçisi Rüdiger Rehm Sportinfo.az-a açıqlamasında matç barədə danışıb, təmsilçimizi hansı komponentlərdə üstələdiklərini deyib:
“Təbii, böyük hesabla qələbə qazanmaq xoşdur. Amma nəticəyə önəm verməyin tərəfdarı deyiləm.
Adi hazırlıq matçıdır. Rəqib komandanın məşqləri hansı dərəcədə yüklənməylə keçdiyini bilmirəm.
Amma “Neftçi”nin futbolçularının yorğunluğu görünürdü. Toplanışda bu cür halların olması normaldır.
Yox, sırf nəticədən danışırıqsa, biz rəqibi sürətdə və dözümlülükdə üstələdik”.
“Neftçi” Premyer Liqanın 19-cu turunda “Sabah”la qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
HƏBİB

