Premyer Liqanın ikinci yarısının açılış turu prinsipial qarşılaşma ilə baş tutacaq.
Yanvarın 21-də son illər maraqlı oyunlarına şahidlik etdiyimiz “Sabah”la “Neftçi” üz-üzə gələcək.
“Ağ-qaralar” heyətini qorumaqla yanaşı, gücləndirməkdə maraqlıdır. Buna baxmayaraq, Antalyadakı yoldaşlıq görüşlərini məğlubiyyətlə başa vurub.
“Sabah” isə Aleksey İsayevi itirəndən sonra hələ ki heç bir futbolçu ilə müqavilə bağlamayıb. Qardaş ölkədəki sınaq matçlarının birini udub, digərində məğlub olub.
Bu o deməkdir ki, hər iki komandanın özünə görə problemləri var və 90 dəqiqə ərzində çatışmazlıqlar aşkar şəkildə görünəcək.
“Neftçi”nin paraqvaylı legioneri Dieqo Valdez “Sabah”la qarşılaşmadan əvvəl Sportinfo.az-ın vasitəsi ilə azarkeşlərə səslənib:
“Hər zaman azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq. Xüsusən belə bir məqamda.
Komandada məşqçi dəyişikliyi baş verib, kollektiv təlim-məşq toplanışından qayıdıb. Çempionatın ikinci yarısına uğurlu start vacibdir.
İndiyə qədər azarkeşlərimizi həmişə yanımızda görmüşük. Ümid edirəm ki, bu dəfə də tribunaları doldurub bizi dəstəkləyəcəklər.
Biz də onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Premyer Liqanın 19-cu turu çərçivəsində “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Neftçi” qarşılaşması yanvarın 21-də saat 16:00-da başlayacaq.
HƏBİB

