“Neftçi” azarkeşlərinin üzləri gülür.
“Ağ-qaralar” qış fasiləsində Alfa Konteni transfer etməklə fanatları sevinməyə vadar edib.
Cinah vingerinin ötən ildən etibarən Syerra Leone millisinə dəvət alması, yaşının azlığı (23) və təbii ki, internet qaynaqlarındakı məlumatlar gələcəyə ümidlə baxmağa imkan verir.
Konte kimdir? Karyerasında hansı izlər var? Meydanda nə edir, nələrlə yadda qalır?
2000-ci ilin mayında anadan olan futbolçunun peşəkar karyerasının ilk illəri vətəni ilə bağlı olduğundan, Afrikanı tərk edənə qədər etdikləri haqda bilgi yoxdur.
Alfa 2021-ci ildə İsrailə gələrək “Hapoel Umm el-Fahm”la anlaşıb. Sayca ikinci liqada mübarizə aparan komandanın uğurları üçün tər tökən futbolçu “Hapoel”in mövsüm ərzində keçirdiyi 36 oyunun 18-də meydanda olmaq şansı qazanıb.
Bu matçlardan yalnız 4-də əsas heyətdə yer alıb. 481 dəqiqə ərzində 1 qol və 1 assistlə yadda qalıb.
“Neftçi”nin yeni transferi 2022-ci ilin yayında iş yerini dəyişmək qərarına gəlib. Bu dəfə ikinci liqada yarışan başqa klubla - “Hapoel Rişon-Le-Tsion”la müqavilə bağlayıb.
Ötən mövsümlə müqayisədə bu dəfə daha çox oynamaq şansı qazanıb. Çempionatda meydana çıxdığı 20 oyunun 12-də əsas heyətdə yer alıb, 1240 dəqiqə oynayıb.
Daha 2 dəfə kubokda gözə deyib. Bu dəfəki ümumi statistik göstəricisi vurduğu 2 qol olub.
Ötən ilin, yəni, 2023-cü ilin yayında Konte Bolqarıstana təşrif buyuraraq “Lokomotiv”lə anlaşıb. İsraildə topladığı təcrübə ona Avropa ölkəsində kifayət qədər yardım edib.
Vinger iyuldan dekabra qədər Plovdi təmsilçisinin heyətində çempionatda forma geyindiyi 20 qarşılaşmanın 9-da “11-lik”də görünməklə ümumilikdə 4 qol vurub, 3 qolda ötürmə müəllifi olub. Ölkə kubokunda isə 1 matçda 35 dəqiqə şans qazanıb.
Hücumameyilli futbolçu olduğunu nəzərə alsaq, son 2 ilyarımda meydanda olduğu 61 qarşılaşmada 7 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Konte meydanda kifayət qədər hərəkətli və effektlidir. Yəni, onun fəaliyyəti təkcə topu rəqib qapısından keçirməkdən ibarət deyil. Müdafiəyə kömək edir, texnikası və sürəti hesabına bir neçə rəqibindən sıyrılıb, komanda yoldaşlarına imkan yaratmağı bacarır.
Alfa universal oyunçudur. Ən böyük üstünlüyü hər iki ayağının işlək olması və meydanın az qala hər yerində oynamaq bacarığına sahib olmasıdır.
Əksər vaxtlarda sol cinah yarımmüdafiəçisi kimi görünsə də, yarımmüdafiənin sağında da etimad qazanıb.
Mərkəz hücumçusu kimi də verilən tapşırıqların öhdəsindən gəlməyə qadirdir. Karyerası ərzində müdafiənin sol cinahını qorumaq təcrübəsi də var.
Konte oyun üslubuna görə Lebona bənzəyir. Topu ayağına yapışdırmaqla rəqiblərini arxasınca aparmağı bacarır. Əsas fərq budur ki, Kilan daha çox texnikasına güvənir, yeni transfer isə cüssəsinə, fiziki hazırlığına.
Qapı qarşısına asmalar və bitirici zərbələrindəki dəqiqliyi də diqqətçəkəndir. Cinahda qarşısında rəqibini görəndə, fərdi oyuna meyillənir.
Yox, cərimə meydançasına daxil olubsa və qapı qarşısında qol qoxusu varsa, mütləq hansısa komanda yoldaşına ötürmə edir.
Uzun sözün qısası, bacarıqlı və kreativ futbolçudur. Sözsüz, bəzi oyunlarda təcrübəsizliyi özünü göstərəcək. Ab-havaya uyğunlaşa bilsə, indiki “Neftçi”yə xeyri dəyəcək.
Yeri gəlmişkən, Konte indiyə qədər avrokubok həyəcanı yaşamayıb.
HƏBİB / SPORTİNFO.AZ

