"Bu, "Neftçi"nin imicinə və onun azarkeş mədəniyyətinə yad elementlərdir"

17 Yanvar 2024 17:00 Neftçi 857
"Bu, "Neftçi"nin imicinə və onun azarkeş mədəniyyətinə yad elementlərdir"

"Neftçi"nin dərdi saymaqla bitmir.

Komandanın uğursuz dönəmi uzun müddətdir davam edir.

Hətta bəzi azarkeşlər gedişatla barışıb, kənara çəkilib.

Lakin dünənə kimi bütün tərəfdarların tək təsəllisi mətbuat xidmətinin ortaya qoyduğu iş idi.

İndi o da yoxdur.

Mətbuat, Marketinq və ictimaiyyətlərlə əlaqələr departamentinin sabiq rəhbəri Rüstəm Allahverdiyevin dönəmində klub həqiqətən bu sahədə bəlkə də ölkədə bir nömrə idi.

Bir müddət əvvəl onun çalışdığı departament iki hissəyə ayrıldı. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimli oldu.

Bütün bəlalar da bundan sonra başladı. Allahverdiyevin media ilə əlaqələri kəsilincə "ağ qaralar"ın bu qolu da "qara zolaq" yaşamağa başladı.

Daha klubun rəsmi hesablarından edilən paylaşımlar fanatlar tərəfindən birmənalı qarşılanmır.

Azarkeşlərin öz narazılığını oyunlar zamanı ən sərt formada rəsmilərə çatdırdığına əyani şahid olmuşuq.

Bu dəfə isə Neftçi Azarkeş Dərnəyi (NAD) öz sosial şəbəkə hesabından bəyanat yaymaqla Media və Marketinq şöbəsinə öz sərt etirazını bildirmiş olub.

Bəyanatı olduğu kimi sizə təqdim edirik:

"Söhbət Diqqət!!!

Son dövrlər "Peşəkar futbol klubu" adı qoyularaq idarə olunan klubumuzun sosial media səhifələrində (hesablarında) qeyri-rəsmi, peşəkarlığa sığmayan postların paylaşılmasını qəti şəkildə pisləyirik. Düşünürük ki, bu, klubumuzun imicinə və onun azarkeş mədəniyyətinə yad elementlərdir, illərdir yaradılan dəsti-xəttə uyğun olmayan addımlardır.

Bununla yanaşı ölkədə "Neftçi" tribunasının əsas simalarının bu kimi iradlara görə sosial media hesablarından uzaqlaşdırılıb, ban edilməsinə klubun PR, media və ictimaiyyətlə əlaqələr departamentindən əsaslı izah tələb edirik".

Klubumuzun son illərdə məqsədəuyğun olmayan nəticələrinə baxmayaraq media sahəsində kifayət qədər uğurlu fəaliyyətini qeyd etmişik və "NAD - Neftçi azarkeş dərnəyi" olaraq bu dəsti-xəttə sadiq qalmağı Neftçi PFK rəhbərliyindən tələb edirik!!!

Hörmətlə, NAD - Neftçi Azarkeş Dərnəyi".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti