Adrian Mutunun çalışdırdığı "Neftçi"də ən böyük problem hücum xəttinin dişsizliyi idi.
Əbəs deyil ki, əksəriyyət komandanın baxımsız futbolundan şikayət edirdi.
"Ağ qaralar" arxada qalan 18 turda rəqib qapılarından vur-tut 21 top keçirə bilib.
17 qol buraxan müdafiə xətti yalnız "Qarabağ" (14 top) və "Zirə"dən (10 top) geri qalırdısa, forvardların məhsuldarlığı qarşısına Premyer Liqada qalmaq hədəfi qoyan "Turan Tovuz"dan belə geri qalırdı.
Təbii ki, qış fasiləsində yeni baş məşqçi Miodraq Bojoviçin qarşısında duran əsas tələb ön xəttə aktivlik qatmaq olmalıydı.
Elə monteneqrolu mütəxəssis də heyətə sivir ucdan əl gəzdirməyə başladı.
Yayda böyük ümidlərlə transfer olunan hücumçu Aaron Olanare ilə yollar ayrıldı.
Bəs yerinə yeni forvard? Hələki bu istək gerçəkləşməyib. Bir neçə namizəd olsa da nəticə yoxdur. Gecikmə olduğu ortadadır.
Bundan sonra gələn forvardın adaptasiya olub-olmayacağı da bir başqa problemdir.
Yeni hücumçu tapılana kimi 55 yaşlı mütəxəssis məntiqli olaraq əlinin altında olanlardan özünə B variantı tapmalı oldu.
Bu dəfə də yada düşən Yeqor Boqomolski oldu.
Adətən ehtiyatdan oyunlara qoşulmağına adət etdiyimiz belaruslu forvard sınaq matçlarının ikisində də start heyətində yer aldı.
Amma o da Bojoviçin ümidlərini doğrulda bilmədi.
Hər halda iki matçda 1 qol belə vurmamağın başqa adı yoxdur.
Komanda isə iki oyunda buraxdığı 6 qola qarşılıq rəqib qapılarından yalnız 1 qol keçirə bildi.
Görünən odur ki, Mutu getsə də komandanın ən böyük yarası sağalmaz olaraq qalır. Bojoviç də məlhəm ola bilmədi.
Mövsümün ikinci yarısının startına isə sayılı günlər qalır.
Görək, rəsmi oyunlarda mənzərə necə olacaq.
XANOĞLAN İMANOV

