“Neftçi”nin futbolçusu Yuri Matias Sportinfo.az-a müsahibə verib.
Braziliyalı müdafiəçi yanvarın 10-dakı axşam məşqindən sonra özü və komandası ilə barədə sualları cavablandırıb.
- Sosial şəbəkə hesabında da yazdığın kimi, 3 günlük təyyarə uçuşlarından sonra Braziliyadan Antalyaya gəlməyi bacardın. Özünü necə hiss edirsən?
- Braziliya ilə Azərbaycan arasında məsafə böyükdür. Məsafədən başqa, həm də təyyarə dəyişməli oluruq ki, belədə, bir təyyarədən digərinə keçid üçün xeyli gözləyirik. Təsəvvür edin, Braziliyadan Bakıya uçub ailəmi yerləşdirdim, ordan da birbaşa Antalyaya gəldim. İki sutkadan çox yollarda oldum. Amma bu da həyatın və işin bir parçasıdır. Qayıtmışam, buradayam, var gücümlə məşq edirəm.
- İki həftəlik istirahətdən sonra fiziki forman qaydasındadır?
- Əlbəttə. Məndə fiziki forma həmişə qaydasında olur (gülür).
- 2023-cü il sənin üçün necə keçdi?
- İlin ilk yarısı əla idi. Müdafiəçi olmağıma baxmayaraq, “ÇFR Kluj”un heyətində çox sayda qollar vurdum, ilin əvvəlində “Latsio” kimi güclü rəqibə qarşı oynadım. Və ən əsası Rumıniya çempionatını gümüş medalla başa vurduq. Yaydan bu yana yaşananlara gəlincə, yaxşı şeylər edəcəyimizi düşünürdüm. Lakin hələ ki, arzularımızdan uzaq düşmüşük. Qış fasiləsinə ən pis halda 2-ci sırada yollanmalıydıq. Bunun üçünsə passivimizdəki məğlubiyyət sayı az olmalıydı.
- Yayda sənin transferin üçün böyük çaba göstərərək istəyinə çatan Adrian Mutu artıq baş məşqçi deyil. Yeni çalışdırıcı Miodraq Booviçlə Mutunu fərqləndirən cəhətlər hansılardır?
- Nəinki məşqçilər, hətta doğma qardaşlar belə fərqli olur. Hərəsinin işə öz yanaşma tərzi, özünəməxsus oyun fəlsəfəsi var. Ona görə də müqayisə aparmağı düzgün hesab etmirəm. Baxıram ki, Bojoviçin istək və tapşırıqları bir az başqadır. Buna öyrəşmək üçün çox vaxt itirməməliyik. Ən qısa müddətdə baş məşqçinin bizdən nələr tələb etdiyini qavrayıb, onları yerinə yetirməliyik.
- Bojoviçin futbol fəlsəfəsinin içində nələr var?
- Bu haqda indi çox söz deyə bilmərəm. Əvvəla, komandaya iki gündür qoşulmuşam. Digər tərəfdən, hələ tam tərkibdə yığışa bilməmişik. Bəzi futbolçular zədəlidir, biri yığmadadır, digəri fərdi məşq edir. Komanda yarımçıq olanda baş məşqçi də istədiklərini tam edə bilmir. Kollektiv tam şəkildə yığışandan sonra nəsə deyə bilərəm.
HƏBİB, Antalya

