"Neftçi" Eddi İsrafilovdan sonra daha bir futbolçusuna yeni müqavilə təklif edib.
Bakılılar 2022-ci ilin yayında sıralarına qatdığı Ataa Caberlə işbirliyin sürdürməkdə maraqlıdır.
Onun 2 illik sözləşməsi bu ilin iyununda başa çatacaq.
"Fğ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinən 29 yaşlı yarımmüdafiəçi 2026-xı ilin yayınadək burada və əvvəlkindən daha çox qazana bilər. Bunun üçün 2 illik yeni kontraktın şərtlərini qəbul etməlidir.
O, İsrailin “Makkabi” (Hayfa, 2012 - 2017), “Bney Saxnin” (2015, 2017 - 2021) və “Aşdod” (2021-2022) klublarında forma geyinib.
2015-2016-cı illərdə bu ölkənin U-21 milli komandasının üzvü olub. 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.
Caber hazırda “Neftçi”nin Antalyada toplanışında iştirak etmir. Buna səbəb Fələstin millisinin düşərgəsində olmasıdır.
Qış təlim-məşq toplanışında Miodraq Bojoviçin sərəncamında olmayan Caberin “ağ-qaralar”a hansı tarixdə qoşulacağı sual doğuran məqamdır.
Bu, ən yaxşı halda yanvarın son günlərində ola bilər. Fələstin mübarizə apardığı Asiya Kubokunda qrup matçlarını yanvarın 14-ə İrana, 18-də BƏƏ-yə, 23-də Honk Konqa qarşı keçirəcək.
Caberin komandası növbəti mərhələyə yüksəlsə, Azərbayaca dönüşü fevrala qədər uzanacaq. Yox, qrupda qalsa, yanvarın 24-26-sı aralığında Bojoviçin sərəncamında olacaq.
Maraq üçün bildirək ki, asiyalı yarımmüdafiəçi əsas heyətdə möhkəmlənmək uğrunda Eddi İsrafilov, Qara Qarayev və Dieqo Valdeslə mübarizə aparacaq.
SPORTİNFO.AZ

