"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov klubun transfer işləri haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, o, artıq iki hücumçuya təklif göndərdiklərini deyib:
"Yeni ildə yeni baş məşqçidən əlavə olaraq, buraya artıq yeni məşqçilər heyəti də gəlib. Yeni qapıçılar üzrə məşqçimiz də buradadır,
Emil Babayev bizə qoşuldu. İdman Departamentimiz əllidən çox oyunçuya baxış keçirib, beş futbolçuya fokuslanıb.
Artıq iki futbolçuya təklif göndərilib, cavab gözləyirik. Hər iki oyunçu hücumçudur.
Təəssüf ki, hal-hazırda onların adlarını deyə bilmərəm. Həm bir azarkeş kimi, həm də klubun rəhbəri kimi komandadan ancaq qələbə gözləyirəm.
Qələbədən başqa, əzmkar bir oyun istəyirəm. Meydançaya ruhlarını qoysunlar".

