“Neftçi”nin əcnəbi oyunçusu: “Bu dəfə tilsimi qırdım, söz vermişdim ki...”

12 Yanvar 2024 21:20 Neftçi 1 159
“Neftçi”nin əcnəbi oyunçusu: “Bu dəfə tilsimi qırdım, söz vermişdim ki...”

“Neftçi”nin aparıcı futbolçularından olan Yuri Matias Antalyada hazırlıq keçən kollektivə qoşulub.

“Ağ-qaralar” təlim-məşq toplanışına yanvarın 4-də başlasa da, braziliyalı müdafiəçi ayın 8-dən tər tökməyə başlayıb və “Ərzurumspor”la yoldaşlıq görüşündə forma şansı qazanmayıb.

Yol uzaqlığına görə Miodraq Bojoviçdən icazə alan Matias söz verdiyi vaxta gəldiyindən, həm özü məmnundur, həm də baş məşqçi.

Məşq başa çatandan sonra oteldəki otağına tələsən 28 yaşlı futbolçu ayaq saxlayıb Sportinfo.az-ın qış tətili ilə bağlı sualını cavablandırmaqdan imtina etmədi:

“Bu, mənim üçün unudulmaz tətillərdən biri, bəlkə də birincisi oldu.

2016-cı ildən Braziliyadan kənarda oynayıram. Portuqaliya, İran, Rumıniya, indi də Azərbaycan.

Son 7 ildə valideynlərim, ailə üzvlərim və doğmalarımla normal istirahət edə bilmirdim. Seçdiyim sənət elədir ki, bu kimi çətinliklərə dözməliyəm.

Bu dəfə tilsimi qırdım. Söz vermişdim ki, vaxtımı bütünlüklə sizə ayıracam.

Belə də etdim. Oxuduq-oynadıq, gəzib-əyləndik, tətilin dadını planlaşdırdığım kimi çıxardıq.

İndi isə rahat və möhkəməm. Braziliyada topladığım enerjinin üzərinə təlim-məşq toplanışında yığacağım gücü də gələndə, hər şey əla olacaq”.

İyuldan bu yana “Neftçi”nin şərəfini qoruyan braziliyalı bütün yarışlarda meydana çıxdığı 20 matçda 4 qolla yadda qalıb.

HƏBİB, Antalya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti