“Neftçi”ni bir də “Sportinfo”dan görün - Antalyadan FOTOREPORTAJ

11 Yanvar 2024 20:40 Neftçi 1 582
“Neftçi”ni bir də “Sportinfo”dan görün - Antalyadan FOTOREPORTAJ

Yanvarın 4-dən təlim-məşq toplanışını Antalyada keçən “Neftçi”də üzlər gülür.

Miodraq Bojoviçin gəlişindən sonra düşərgədə xoş əhval-ruhiyyənin hökm sürdüyünü əsasən klubun sosial media hesablarındakı şəkil və videolardan görmək imkanım olurdusa, bu dəfə canlı izləmək şansı qazanmışdım.

“Ağ-qaralar”ın yanvarın 10-na təsadüf edən axşam hazırlığı yerli vaxtla saat 17:00-a təyin olunsa da, əksər futbolçular 15-20 dəqiqə əvvəldən yağışın altında islanmağa başlamışdı. Bojoviç isə öz köməkçiləri ilə birlikdə hətta futbolçulardan əvvəl yaşıl meydanda idi.

Komanda üzvlərinin oteldən sahəyə qədər olan məsafəni zarafat və deyib-gülərək qət etdiyini görəndə, monteneqrolu mütəxəssisin özü ilə həm də xoş aura gətirdiyini anladım.

Futbolçulara sərbəstlik verib, “domokl qılıncı”na güvənmir. Amma nizam-intizama diqqət yetirdiyini də mütləq qeyd etməliyəm.

Məşqin başlamasına 2-3 dəqiqə qalmış artıq hamı iş başında idi. İlk günlərdən Bojoviçdən söz götürməmək indiki zaman üçün vacib şərtdir.

Klubda əsas söz sahibi Fərrux Mahmudov da özünü hazırlığın yeddinci gününə çatdırmışdı. Məşq başlayan kimi məşqçi və futbolçu heyətinə yaxınlaşıb təxminən 10 dəqiqəlik söhbətdə nə danışdığını dəqiq bilmək imkanım olmadı.

Bildiyim bu oldu ki, komandayla görüşü gözdən pərdə asmaq üçün deyildi.

Saatyarımlıq məşqi əvvəldən sona qədər izləyəyirsə, deməli baş icraçı direktor “Neftçi”yə görə narahatdır və Bojoviçin gəlişindən sonra komandada hansı dəyişikliklərin olduğunu müəyyən etmək özü üçün də maraqlıdır.

Günün əsas adamı Ervin Koffi idi. 29 yaşına əlvida deyən fransız müdafiəçinin 30-a yaxınlaşması ürəyincədir, yoxsa yox, deyə bilmərəm.

Amma məşqin əvvəlində klubun rəhbərindən, məşqçilər heyətindən və komanda yoldaşlarından eşitdiyi alqış səslərinə bir xeyli sevindi.

Məşqdən sonra Yuri Matiasa yaxınlaşıb bəzi suallara cavab tapmağa çalışdım ki, müsahibənı yazıb bitirən kimi ixtiyarınıza verəcəyəm.

HƏBİB, Antalya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti