Vaxtilə Azərbaycanda öz parlaq oyunu ilə adından söz etdirən Baqali Dabo hazırda işsizdir.
Yayda “Apollon”dan ayrılan 35 yaşlı futbolçu ilə müsahibəni çoxdan planlaşdırırdım.
Lakin hər dəfə müxtəlif əngəllər sual-cavabın baş tutmasını əngəlləyirdi.
Nəhayət, ölkəmizdə oynadığı dönəmdə vurduğu 60 qolla yadda qalan Dabonu tapıb bir çox suallara cavab tapmağa nail oldum.
(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/188424.html)
- Buyur...
- Həmin dövrdə koronavirus pandemiyası yaşanırdı. Hər yer qapanmışdı, qadağalar var idi. Çempionatın davam edib-etməyəcəyi bilinmirdi. Mən isə formada qalmaq üçün “Port Baku”da fərdi məşqlər edirdim. Məşq edəndə növbə ilə “Zirə”nin, “Sumqayıt”ın və “Qarabağ”ın futbolkalarını geyinirdim. Onları mənə həmin komandalardakı dostlarım vermişdi. Və həmin gün məşq edəndə “Qarabağ”ın futbolkasında idim.
- “Qarabağ”ın formasını kimdən almışdın?
- Dino Ndlovudan.
- Aha, davam edək.
- Məşq edib evə qayıdandan sonra yorğunluğumu çıxarmaq üçün eyvanda əyləşmişdim. Həmin an xanımım zarafat üçün “Qarabağ” formasındakı şəklimi çəkdi. Hər kəs bilir ki, həyat yoldaşım “Qarabağ” azarkeşidir, bu komandanı çox sevir. Hətta Azərbaycana ilk gəldiyimiz dönəmlərdə - mən “Qəbələ”də oynayanda deyirdi ki, “Qarabağ”ın oyun üslubu xoşuma gəlir, zövq alıram. Çünki futbolu yaxından izləyir, bu oyun haqda məlumatlıdır.
- “Qarabağ”ın formasını geyinməyini, xanımının zarafat üçün şəklini çəkdiyini anladıq. Bəs, həmin fotonu “instagram”da paylaşmağın kökündə nə dayanırdı?
- Heç nə, qəti şəkildə heç nə. Açığı, həmin şəklin paylaşılmasından da xəbərim yox idi. Sonra özü mənə dedi ki, həmin fotonun bu cür səs-küy doğuracağını düşünmədim. Təsəvvür edin, məşqdən sonra duş alıb yatmağa getmişdim və “Neftçi”dən gələn zəngə oyandım. Çaşıb qaldım ki, söhbət hansı formadan, hansı şəkildən gedir. Həyat yoldaşımın paylaşımından gələn zəng zamanı xəbər tutdum.
- Məlum olaydan sonra “Neftçi”dən ayrılmağın heç də asan olmamışdı. Səhv etmirəmsə, klub səndən, sən də klubdan şikayət etmişdiniz.
- Hə, aramızda müəyyən narazılıqlar olmuşdu.
- “Neftçi” sənə borclu olduğu məbləği ödədi?
- Xeyr. İndiyə qədər də ödənilməyib.
- Nə qədər pul idi?
- 75 min dollarımı vermədilər.
- Niyə ödəmədilər? Səbəb kimi nəyi göstərirdilər?
- Guya “Qarabağ” formasında şəkil çəkdirməyim kluba və azarkeşlərə hörmətsizlikdir. Halbuki, fotonu mən paylaşmamışdım, xanımım etmişdi. Amma bu, bir bəhanə idi. Sadəcə, “Neftçi”də bəzi adamlar mənə ödəniş olunmasında maraqlı deyildi. Nə isə, uzun söhbətdir. Bundan sonra danışmaqla heç nə dəyişməyəcək.
- O vaxtdan sonra Bakıya gəlməmisən?
- Son 3 ildə “Apollon”da ilboyu gərgin qrafikdə oynayırdım. Açığı, heç cür vaxt tapa bilmirdim. Hətta xanımım anası ilə birlikdə Bakıya gedəndə mənim onlara qoşulmaq imkanım olmadı. Özləri gedib-qayıtdılar.
- 2 il “Qəbələ”də, 2 il “Neftçi”də oynamısan. Hansı klub-komandanın qəlbində xüsusi yeri var?
- Hərəsinin öz yeri var. Ümumi danışa bilmərəm, ayrı-ayrı epizodlar yadımdadır. Məsələn, “Qəbələ”də məni ən çox xoşbəxt edən Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız olmuşdu. “Maribor”u Bakıda məğlub etsək də, səfərdə 0:1 uduzmuşduq. Buna baxmayaraq, hədəfə çatmışdıq. Təsəvvür edin, uduzmuşuq, amma hər kəs sevinir. Qeyri-adi hislər idi. O anda diqqətimi bilirsiniz nə çəkmişdi?
- Nə?
- Premyer Liqada rəqiblərimiz olan digər klublarda çalışanların “Qəbələ” rəsmilərinə zəng vurub təbrik etməsi. Sonradan başa düşdüm ki, hansısa Azərbaycan təmsilçisi avrokuboklarda çıxış edəndə, təkcə öz azarkeşləri yox, bütün ölkə bu komandanı dəstəkləyir. “Qəbələ” rəqiblərini Qəbələdə yox, Bakıda qəbul edirdi, amma “Bakcell Arena” dolurdu. Bəlkə də o qədər adamdan ən yaxşı halda 2-3 min nəfəri qəbələlilər idi. Digərləri “Qarabağ”ın, “Neftçi”nin, yaxud “Sabah”ın fanatları. Bütün ölkənin avrokuboklarda çıxış edən komandaları dəstəkləməsi qəribə gəlirdi mənə. Bu görüntü mənim üçün o an özəl idi. Bəlkə də dünyanın heç yerində bu cür birlik, dostluq görmək mümkün deyil.
- Bəs, “Neftçi”dəki sevincli an və ya anlar?
- “Qarabağ”ı “Bakcell Arena”da 3:1 məğlub etməyimiz. Hə, bir də Rusiya Premyer Liqasının təmsilçisi “Arsenal”ı Tulada udmağımız. Düzdür, bu oyunda meydana çıxmamışdım, amma komandanın içindəydim. O anda komandanın daxilindəki ab-havanı sözlərlə ifadə edə bilmirəm.
- Azərbaycan çempionatını diqqətdə saxlayırsan?
- Desəm ki, oyunların hamısına baxıram, yalan olar. Amma hər həftə nəticələrlə maraqlanıram, turnir cədvəlini gözdən keçirirəm. “Qarabağ” həmişəki kimidir, rəqiblərinə aman vermir (gülür). “Zirə” də yaxşı başlayıb, iddialı olduqları görünür. Sizə deyim, çempionatın sonuna yaxın lap maraqlı olacaq.
- Deməli, vəziyyət həminki kimidir, təəccüblü heç nə yoxdur?
- Təəccübləndiyim “Turan Tovuz”un və Premyer Liqaya bu il yüksələn komandanın (“Araz-Naxçıvan”ı nəzərdə tutur – H.) turnir cədvəlinin orta sıralarında qərarlaşması, sürpriz nəticələrlə yadda qalmasıdır. Gizlətmirəm, “Sumqayıt”ın nəticələrini də təəccüblə qarşılayıram. Onlar da medal həvəsində olduqlarını göstərirlər.
- “Qəbələ”?
- Təbii ki, ən böyük şok “Qəbələ”nin sonuncu pillədə olmaısıdır. Əslində, çox yaxşı komandaları var. Yayda “Omoniya” ilə Qəbələdəki ilk görüşü “CBC Sport”dan canlı izləmişdim. Dedim, əla komandadır, bunları saxlamaq çətin olacaq. Məzmunlu və istəkli futbol nümayiş etdirmişdilər. Düşünürdüm ki, avrokubok mübarizəsini dayandırandan sonra çempionatda daha təhlükəli görünəcəklər. Amma əksi yaşandı. Nə baş verdiyini bilməsəm də, “Qəbələ”nin halına üzülürəm. Ümid edirəm ki, yeni ildən nəticələri yaxşılaşacaq. Çox yaxşı futbolçuları, bacarıqlı baş məşqçiləri, ürəyi “Qəbələ” ilə döyünən idarəçiləri var.
HƏBİB / SPORTİNFO.AZ

