“Azərbaycan çox yaxşı ölkədir, Bakını sevirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin legioneri Andre Şinyaşiki deyib.
Braziliyalı hücumçu ölkəmizə uğur qazanmaq üçün gəldiyini bildirib:
“Burada yaxşı işlər görəcəyimə inanıram, öz oyunumla azarkeşləri xoşbəxt etmək istəyirəm. Onlara görə də daha yaxşı oynamaq üçün əlimdən gələni edirəm”.
“Neftçi”nin çempionluq şanslarını dəyərləndirən 26 yaşlı forvardın fikrincə, komandası bu titula sahib çıxa bilər:
“Mövsümün sonuna hələ çox var. Hər şey ola bilər.
Hazırda üçüncü yerdəyik, ikinci pillədəki komanda ilə cəmi 1 xallıq fərq var.
Biz bunu bacara bilərik. Hər oyunda sonadək mübarizə aparırıq. Komandamız istənilən kuboku qazana biləcək gücdədir”.
“Neftçi”nin keçmiş baş məşqçisi Adrian Mutu ilə yeni çalışdırıcı Miodraq Bojoviçi müqayisə edən “sambaçı” rumıniyalı mütəxəssisdən çox şey öyrəndiyini etiraf edib:
“O, yaxşı məşqçidir. Mutu mənə baş məşqçinin futbolçusunu necə qoruma olduğunu göstərdi.
Buna görə ona minnətdaram və gələcək karyerasında uğurlar arzu edirəm. Yeni baş məşqçimiz Miodraq Bojoviçə gəlincə, çox təcrübəli mütəxəssisdir. Ümid edirəm ki, ondan da çox şey öyrənəcəyəm”.
Bu yay “Neftçi”yə transfer olunan Andre Şinyaşiki 16 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

