Çempionatın ikinci yarısına Miodraq Bojoviçlə hazırlaşan “Neftçi” qış hazırlığına start verib.
Yanvarın 3-də Bakıda bir araya gələn kollektiv Antalyaya yollanıb.
Lakin tam heyətlə yox.
Əcnəbi futbolçuların əksəriyyəti düşərgəyə təşrif buyursa da, dörd nəfər – Kilan Lebon, Andre Şinyaşiki, Yuri Matias və Ataa Caber növbəti günlərdə Bojoviçin sərəncamında olmalıdır.
Matias yanvarın 8-dən etibarən məşqlərdə iştirak edəcək.
Braziliyalı müdafiəçi, bakılıların çempionatdakı ikinci ən sərrast futbolçusu sosial şəbəkə hesabında hava limanından paylaşım edərək bu sözləri yazıb:
“Ailəmlə Bakıya qayıdandan sonra yenidən uçmalıyam. Bu dəfə işləmək üçün.
3 gündür təyyarələrdəyəm. Bakıya çatandan 3 saat sonra yenə uçmalıyam”.
Yayda “Neftçi”nin “ÇFR Kluj”dan transfer etdiyi 28 yaşlı futbolçu bu müddətdə meydana çıxdığı 20 oyunda 4 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

