Lukas Melano ötən ilin yayında sıralarına qatıldığı «Neftçi»dən ayrıla bilər.
«Ağ-qaralar»ın yeni baş məşqçisi Miodraq Bojoviç nigeriyalı hücumçu Aaron Olanare ilə yanaşı, onun argentinalı həmkarının da xidmətində maraqlı deyil.
Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasında qol hesabını aça bilməyən cənubi amerikalı legionerlə vidalaşmağı zəruri sayır.
Balkanlı sükançı bu barədə fikirlərini klub funksionerləri ilə söhbətində dilə gətirib.
Melanonun bakılılarla müqaviləsi 1+1 illikdir. 31 yaşlı forvardın buna kimi sonuncu klubu “Atletiko Sarmiento” olub.
Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.
2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
SPORTİNFO.AZ

