Adrian Mutu ilə vidalaşan “Neftçi” yoluna yeni çalışdırıcı ilə davam edəcək.
Bir neçə gün öncə Bakıya gələrək təqdimat mərasimində iştirak edən Miodraq Bojoviç “ağ-qaralar”ın bundan sonrakı nəticələrinə cavabdehlik daşıyacaq. Onun qarşısına ölkə kubokunu qazanmaq və çempionatın yekununda ən pis halda ikinci pillədə qərarlaşmaq tapşırığı dayanır.
55 yaşlı mütəxəssisin məşqçilik karyerası əsasən Rusiya klubları ilə bağlıdır. İndiki halda “Neftçi”sevərlər onu yaxından tanımaq, məşqçi kimi nələrlə yadda qaldığını bilmək istəyir.
Elə isə, Bojoviçi yaxından tanıyaq.
* 2000-ci ildə, 32 yaşında “Belqrad” klubunda baş məşqçi kimi debüt edib.
* Məşqçilik karyerası Rusiya, Serbiya, Yaponiya klubları ilə bağlı olsa da, vətəni Monteneqroda cəmi 8 ay işləyib (“Buduçnost” və “Qrbal”) .
* O, Rusiyada ən çox çalışmış əcnəbi məşqçidir – 11 mövsüm, 329 oyun.
* ”Amkar” onun rəhbərliyi altında 2008-ci ildə mövsümü 4-cü pillədə başa vuraraq klub tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsində oynamaq şansı qazanıb. “Fulhem”lə oyunlardakı ümumi nəticəyə görə ingilislər qrup mərhələsinə vəsiqə qazanıb – 3:1, 0:1.
* “Amkar” onun rəhbərliyi altında 2008-ci ildə Rusiya kubokunun finalına vəsiqə qazansa da, həlledici görüşdə ÇSKA-ya uduzub.
* “Moskva” onun rəhbərliyi altında 2009-cu ildə çempionatı 6-cı pillədə başa vurub. Lakin klubun borc səbəbindən dağılmasına görə iş yerini dəyişmək məcburiyyətində qalıb.
* Moskva “Dinamo”su 2010-cu ildə Premyer Liqanı 7-ci pillədə başa vursa da, klub rəhbərliyi ona daha 1 il şans verməyi qərara alıb. 2011-12 sezonunda “polislər”in turnir cədvəlinin orta sıralarında qərarlaşması və ölkə kubokunda mübarizəni 1/4 finalda dayandırması klub rəhbərliyini qane etməyib. Odur ki, mövsümün sonuna yaxın istefa verib.
* 2011-in sentyabrında “Amkar”a qayıdaraq 2012-ci ilin iyununa qədər burada çalışıb. Lakin 2008-ci ildəki qəhrəmanlığı təkrarlaya bilməyib.
* 2012-2014-cü illər aralığında “Rostov”da əsas söz sahibinə çevrilib. 2014-cü ildə kluba ölkə kubokunu qazandırıb. Növbəti ildə komandanın Avropa Liqasında mübarizəni pley-offda dayandırması və çempionatda xoş təsir bağışlamaması monteneqrolu mütəxəssisin sonunu gətirib.
* 2014-15 mövsümünü Moskva “Lokomotiv”ində keçirib, komanda ölkə kubokunun finalına yüksəlməsinə baxmayaraq, finalöncəsi klub rəhbərliyi mayda onunla yolları ayırmaq qərarına gəlib. “Lokomotiv” kubokun qalibi adını qazanıb, Bojoviçin medalı vətəni Monteneqroya göndərilib.
* 2015-ci ilin iyununda “Srvena Zvezda” ilə anlaşıb və artıq avqustda istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Başbilənlər onu fikrindən daşındırmağı bacarıb. Belqrad təmsilçisi həmin mövsümün yekununda ölkə çempionluğunu bayram edib, növbəti futbol ilində gümüş medalları bayram edib.
* 2017-ci ilin iyununda Rusiyaya qayıdaraq Tula “Arsenal”ı ilə anlaşıb. Komanda 2017-18 mövsümünü 7-ci pillədə başa vuraraq avrokuboklara vəsiqəni son anda əldən verib. 2018-in mayında Tulanı tərk edib.
* 2018-ci ilin oktyabrında “Krılya Sovetov”u çalışdırmağa başlayıb. İlk ilində komandanı elitada saxlamaq tapşırığının öhdəsindən gəlib. Lakin 2019-20 mövsümünün yekununda bunu bacarmaq mümkün olmayınca, 2020-nin yayında Bojoviç istefaya göndərilib.
* 15 aylıq işsizlikdən sonra yenidən “Arsenal”a qayıdaraq 2 illik müqavilə bağlayıb. Elə ilk mövsümdəcə tulalılar sonuncu – 16-cı pilləni tutaraq Premyer Liqanı tərk edib. Nəticədə Bojoviç mayda yola salınıb.
* İlyarım işsiz qalandan sonra “Neftçi”yə baş məşqçi təyin olunub.
HƏBİB

