"Neftçi" üçün 2023-cü il heç də yaxşı keçmədi.
Yeni rəhbərlik gəldi, əlavə büdcə ayrıldı, tanınmış futbolçu Adrian Mutu baş məşqçi təyin olundu və çox sayda yeni transfer heyətə cəlb edildi.
Amma bütün bunların fonunda "ağ qaralar" avrokuboklarda uğursuzluq yaşadı, ili Premyer Liqada 3-cü pillədə tamamladı və Mutu istefaya göndərildi.
Maraqlıdır, bu "Neftçi"də nələr çatmır? Bu qədər addımlardan sonra komanda niyə uğursuz olmağa davam edir? Yaxın gələcək nə vəd edir?
Bu kimi suallara cavab tapmaq üçün üz tutduq "Neftçi"nin seleksiya xidmətinin sabiq rəisi Bəxtiyar Musayevə.
Tanınmış futbol adamı mövzu ətrafında geniş fikirlərini bizimlə bölüşüb.
"Neftçi" 100 milyonluq büdcə ilə "Qarabağ"ı çempionluq taxtından sala bilməz.
"Neftçi"nin bu duruma düşməsi zəncirvaridir. Həm baş məşqçidə, həm idarəetmədə boşluqlar var. Əvvəlki illərə nisbətdə yeni transferlərə külli miqdarda pullar xərclənib. Maliyyə durumu çox yaxşıdır. Tək bununla da iş getmir. Düşünürəm ki, "Neftçi" 100 milyonluq büdcə ilə belə bu gedişlə "Qarabağ"ı çempionluq taxtından sala bilməz. Transfer siyasəti fiaskodur. Üç hücumçu alınıb, amma son oyunda ötən mövsüm heyətə düşə bilməyən Boqomolski əsas heyətdə idi. Lebon Konfrans Liqasında göstərdi ki, komanda üçün faydalı futbolçudur. Amma onun mövqeyinə Mirzov transfer olunur. Və son 3 oyunda ilk hissədən sonra əvəzlənir. Transfer çalışmaları heç doğru deyil. Xeyli də pullar xərclənib.
Bütün bəlalar da bundan irəli gəlir.
Komandada futbolu bilən mütəxəssis çalışmalıdır ki, məşqçi hərəkəti, sözləri ilə rəhbərliyi aldatmasın. Yoxsa hər gələn məşqçi görəcək ki, yan-yörədə futbol anlayışı olan yoxdur. Başlayacaq hər istədiyini edəcək. Ən böyük problem "Neftçi"də futbolu bilən 1 şəxsin belə çalışmamasıdır. Bütün bəlalar da bundan irəli gəlir.
Tam bir fiasko olacaq.
Bəli, "Neftçi" bu gün üçüncü pillədədir. İkinci yerdən 2 xal ayırır. Bəlkə də klubda çalışanlar düşünür ki, durumları yaxşıdır. Amma dərindən düşünəndə "Qarabağ" son illərin ən zəif startın yaşadı. 14 xal itkisi yaşayıb, amma buna rəğmən ikinci pilləni 12 xal qabaqlayır. Düşünmək lazımdır ki, belə heyət, belə çalışmağın qarşılığında "Qarabağ"a bu qədər xal və oyun fərqində uduzmaqla sabah Avropada neyləmək olacaq? Orda da tam bir fiasko olacaq".
XANOĞLAN

