Premyer Liqanın ilk yarısının başa çatması futbolçular üçün göydəndüşmə olub.
Milad və Yeni il bayramlarını evdə, doğmalarının əhatəsində keçirəcək top ustaları fürsətdən istifadə edib 6 ayın yorğunluğunu çıxarmağa çalışır.
Azərbaycan çempionatında oynayan yerli və legioner futbolçular dünyanın hər yerinə axışıb. Sosial şəbəkə hesablarında kimə baxırsan, hərəsi bir ölkədə, şəhərdədir.
“Neftçi”nin müdafiəçisi Azər Salahlı doğmalarına baş çəkmək üçün Almaniyanı seçib. “19 nömrə”nin Berlində şəkil çəkdirmədiyi yer qalmayıb.
Azərbaycan millisinin üzvü Toral Bayramov Birləşmiş Ərəb Əmirliklərini seçib. Lakin Dubaya tək getməyib. Bayramın dadını həyat yoldaşı ilə çıxarmağa çalışır.
“Qarabağ”lı Riçard Almeyda bu dəfə Fransaya səfər edib. Xanımı, iki qızı və anası ilə birlikdə Parisdə çəkdirdikləri şəkilləri “instagram” səhifəsində paylaşır.
Ekzotika həvəskarı olan və Avropanın paytaxtlarını gəzən “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç qış tətilini Böyük Britaniyada keçirir. Xanımı ilə Londonu gəzir.
“Qəbələ”nin uğurları üçün tər tökən Rauf Hüseynli də ölkəni tərk edənlər arasındadır. 23 yaşlı müdafiəçi Niderlandın paytaxtı Amsterdama üstünlük verib.
Premyer Liqamızın braziliyalıları okeanın o tayına yollanaraq çimərlik həzzini çıxarmaqdadır. Yuri Matias, Lukas Afriko, Mateus Silva, Juninyo ailə üzvləri və doğmalarının əhatəsində vətənlərindən dincəlirlər.
HƏBİB / SPORTİNFO.AZ

