Bilindiyi kimi, “Neftçi” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Hazırlıq Antalya şəhərindəki Belek bölgəsində təşkil olunacaq.
2024-cü il yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq kollektiv bu müddət ərzində 2 yoxlama matçı keçirəcək. Oyunların təqvimi və rəqiblər hələ ki bəlli deyil.
Yeni baş məşqçi Miodraq Bojoviç hazırda ölkəsindədir. Ötən həftə Adrian Mutunu əvəzləmiş monteneqrolu yanvarın 3-də vətənindən birbaşa Türkiyəyə yollanacaq.
55 yaşlı mütəxəssis komandada qalacaq və gedəcək futbolçuların kimliyini toplanış müddətində müəyyənləşdirəcək. Hər halda o, funksionerlərlə söhbətində planını bu cür açıqlayıb.
Sonuncu dəfə Tula «Arsenal»ını çalışırmış məşqçi oyunçuları bir neçə gün iş başında izləyəndən sonra qərar verəcəyini söyləyib.
Deyib, tələsmək niyyətində deyil, yanvarın ortasınadək biləcək ki, ona kimlər lazımdır, kimlər yox.
Odur ki, bakılılar ayrılmasını öncədən qətiləşdirdiyi adlarla müqavilənin pozulmasına dair danışıqlar aparmağı ertələyib.
SPORTİNFO.AZ

