“Neftçi”ylə “Qaradağ Lökbatan” arasında baş tutan oyunda meydan sahiblərinin iki hücumçusu “qol orucunu” pozdu.
Meydana əsas heyətdə çıxan Andre Şinyaşiki ilə mübarizəyə əvəzetmədən qoşulan Yeqor Boqomolski ölkə kubokunda da olsa, adlarını tabloya yazdırmağı bacardılar.
Şinyaşikinin qol sevinci maraqlı alındı. Braziliyalı forvard bir neçə dəfə əlini üzündən ayağına tərəf aparıb, sanki nəyisə üzərindən atırmış mesajını verdi.
26 yaşlı "sambaçı" Sportinfo.az-a açıqlamasında qol sevincini o şəkildə qeyd etməsinin səbəbini açıqlayıb:
“Bu il mənim üçün yaxşı keçmədi. Həm şəxsi həyatımda, həm də futbolçu karyeramda xoşagəlməz hallar yaşandı.
Yay aylarında sevdiyim babamı itirdim, bundan bir qədər sonra ən yaxın dostum dünyasını dəyişdi. Onunla qardaş qədər yaxın idim.
“Neftçi”yə gələndən sonra qol vura bilməməyim də məni çox narahat edirdi. Çox çalışsam da, topu rəqib qapılarına göndərə bilmirdim.
O jesti etməyimin mənası pis hadisələri üzərimdən atmaq istəyimlə bağlı idi. Ümid edirəm ki, bu qoldan sonra yalnız xoş hadisələrlə rastlaşacağam”.
HƏBİB

