Ötən mövsümün sonu Emin Mahmudovun "Neftçi"ni tərk etməsi an məsələsi idi.
Kapitan aldığı bir neçə yaxşı təklif arasında seçim etməkdə qərarlı idi.
Amma Mahmudovun ayrılıq qərarı yaxşı təkliflərə görə deyil, "Neftçi"də illərdi davam edən qeyri-stabil vəziyyətə görə idi.
O, 2017-ci ildən şərəfini qoruduğu paytaxt klubunda qazandığı cəmi 1 titulla kifayətlənmək istəmirdi.
5 il könül bağladığı "ağ qaralar"ı daha iddialı görmək istəyirdi.
Məncə, Emin səviyyəsində futbolçunun belə istəkdə olması tam qanuna uyğundur.
Lakin son anda verilən yeni vədlərlə onu komandada saxlamaq mümükün oldu.
Yeni layihə Eminə də cəlbedici gəldi. Digər klublarla bütün danışıqları donduraraq Rusiyaya yolda düşdü.
Ki, bir həftə gecikmə ilə "Neftçi"nin toplanışına qatılsın.
Kapitanın addımları klubun azarkeşləri tərəfindən də birmənalı qarşılanmadı.
Onu tənə edən, qınayanlar az deyildi.
Arxada qalan 5 ay Eminin ümidlərini bir daha puç etdi.
Onun istədiyi "Neftçi"ni formalaşdırmaq mümkün olmadı.
Böyük pullar qarşılığında Adrian Mutu baş məşqçi postuna gətirildi, çox sayda yeni transferlər edildi. Əvəzində "Neftçi" irəli getmək əvəzinə, gerilədi.
Məsələn, ötən mövsüm indiki kimi qış fasiləsində çempionluq hədəfi dəfn olunmamışdı.
Ancaq bu gün rəsmilər dekabr olmasına baxmayaraq açıqlamalarında açıq-aydın çempionluq hədəfinin uzaqda olmasını etiraf edirlər.
Qısası, Mahmudov istədiyi "Neftçi"ni bu mövsüm də görə bilməyəcək.
Qeyri-sabit durum davam edir. O, bəlkə də hazırkı mənzərədən dolayı yayda vədlərə inanıb geri qayıtmasının peşmançılığını çəkir.
Emin məhz bu günləri görməmək üçün "Neftçi"dən getməyə qərar vermişdi.
Yəqin ki, 5 ay əvvəl onu qınayanlar indi Emini daha yaxşı başa düşərlər.
XANOĞLAN İMANOV

