“Neftçi” doğma meydanda “Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlub etməklə 1/4 finala vəsiqəni təmin etdi.
Adrian Mutunun anası rəhmətə getdiyindən, komandanı meydana köməkçisi Alen-Nikolae Çita çıxarmışdı.
Rumıniyalı məşqçi 90 dəqiqə susmaq bilmədi. Ayrı-ayrı futbolçuları çağırır, göstərişlər verirdi. Hətta 65-ci dəqiqədə Rza Cəfərova uca səslə irad bildirməsinə gənc qapıçı əli ilə “nə olub axı” reaksiyasını verdi.
Oyun başa çatandan sonra təcrübəli qapıçı Aqil Məmmədovun Çita ilə haqq-hesab “çürütməsinin” səbəbi bu epizodla bağlı idi, ya yox – demək çətindir.
Fakt faktlığında qalır ki, hakimin final fitindən sonra məşqçi ilə futbolçu meydanın kənarında bir araya gəlib nəyinsə qızğın müzakirə-mübahisəsini edirdilər.
İnzibatçının tərcüməçi funksiyasını yerinə yetirdiyi dialoq təxminən 3-4 dəqiqəni əhatə etdi. Yekunda tərəflər ortaq məxrəcə gəlincə, Çita ilə Aqilin bir-birinə sarılmasının şahidi olduq.
Matç başa çatandan sonra rumın məşqçidən qızğın söhbətin məğzini öyrənmək istədik. Alen-Nikolae “no comment” (şərhsiz) cavabını verdi.
Aqil Məmmədovun cavabı isə belə oldu:
“Heç nə yox idi. Sadəcə, epizodu müzakirə edirdik”.
Tərəflərdən birinin susması, digərinin yolaverdi cavabla yadda qalması söhbətin məğzinin dərinə getdiyini göstərir.
Bu göstərici isə “Neftçi”də məşqçi və futbolçu heyəti arasında fikir ayrılığının olmasının sübutudur.
HƏBİB / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

