Mutunun ayrılması "Neftçi"də daha kimləri sevindirmədi ki!

25 Dekabr 2023 14:20 Neftçi 2 835
Mutunun ayrılması "Neftçi"də daha kimləri sevindirmədi ki!

«Neftçi»nin futbolçuları elə bil bu xəbəri, Adrian Mutunun getməsini gözləyirdi.

Günün ilk yarısında çıxan məlumatı çox sevincək qarşıladılar.

Mən bunu nə vaxt bildim, hardan bildim, hardan hiss etdim?

Saat 16:00-dan etibarən…

«Kəpəz»lə qarşılaşmanın elə birinci dəqiqəsindən tutdum ki, aha, Mutunun getməsi bir nəfər kimi hamını məmnun edib «Neftçi»də.

Emin Mahmudovu deyim, Lebonu deyim, Azər Salahlını deyim, kimi deyim - uçmağa qanadları yox idi sadəcə.

«Neftçi» Mutunun yoxluğunda ilk oyununu adəti üzrə keçirmədi. O, qalsaydı, «Kəpəz»ə də uduzmuşdular, böyük ehtimal.

Qəfəsdən buraxılan quş görmüsüz də, bax, «Neftçi»nin futbolçuları dünən o cür təsir bağışladı 90 dəqiqə boyunca.

Emin meydanın hər yerində var idi. Qaçırdı, işləyirdi, ötürmə verirdi. Can yandırırdı, bir sözlə. Mutunun dönəmndəki kapitan deyildi sanki.

Rumıniyalının ona, yoldaşlarına yanaşmasından incik düşmüş yarımmüdafiəçi komandasının qələbəsi üçün əlindən gələni əsirgəmədi.

İstək, mübarizlik və qalibiyyət həvəsi - Mutu «Neftçi»dən bütün bunları uzaq salmışdı. İçlərində nə hiss varsa, hamısını torpağa basdırmışdı.

Təcrübə azlığından, özünü yuxarıdan aparmaq xarakterindən irəli gələn bir tövrlə bütün komandanı özündən küsdürmüşdü.

Getdi ta! Yəqin ki, indən belə «Neftçi»ni elə görmərik.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti