Dünən xəbər verdiyimiz kimi, “Neftçi”də gözlənilməz ayrılıq reallaşıb.
Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev vəzifəsindən gedib.
Neçə ildir mətbuat və Marketinq departamentinin rəhbəri olan təcrübəli funksioner sentyabrda vəzifəsini dəyişmişdi. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılmışdı.
Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimli təyin olunmuşdu. Emin Əfəndi də klubun mətbuat xidmətinin rəhbəri kimi çalışmağa başlamışdı.
Allahverdiyev uzun illər futbol sektorundadır. 2011-2015-ci illər aralığında “Simurq“un mətbuat katibi olub.
2018-ci ildən paytaxt klubunda fəaliyyət göstərməyə başlayıb. Bacarıqlı kadr klubda aparılan struktur islahatları ilə əlaqədar 3 ay öncə vəzifəsini dəyişib.
İndi isə o, başqa yerdə özünü göstərməli olacaq. Hər halda Rüstəm bəy saytımıza açıqlamasında gələcək iş yeriylə bağlı qərarı 2024-cü ilin əvvəlində verəcəyini bildirib:
“Neftçi“dən getmək qərarı rəhbərlik səviyyəsində verildi. Baş icraçı direktor Fərrux Rəhimov bildirdi ki, biz artıq başqa şəxslə çalışmaq niyyətindəyik.
Dekabrın 30-dək işə gedib-gələcəm. Ondan sonra müqaviləyə xitam veriləcək.
Təbii ki, evdə oturan deyiləm, yeni iş tapmalıyam. Artıq bəzi təkliflər var və bayramlardan sonra onlardan birini dəyərləndirəcəm.
Futbol sektorunda qalıb-qalmayacağımı hələ bilmirəm, hər şey ola bilər“.
SPORTİNFO.AZ

