"Bəlkə də nəvaxtsa yenidən ora qayıdaram".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin argentinalı hücumçusu Lukas Melano deyib.
Bakı klubu ilə 2 illik müqavilə imzalayan cənubi amerikalı hazırda MLS-də "İnter Mayami"nin formasını geyinən məşhur həmyerlisi Lionel Messi haqda danışıb.
30 yaşlı forvard yenidən həmin liqada forma geyinməyi arzuladığını bildirib:
"Öncəki illərlə müqayisədə MLS indi daha çox inkişaf etməkdədir. Bu, baş verməsə belə, futbolçu karyeramı başa vurandan sonra ABŞ-a köçüb, orada yaşamaq istəyirəm.
Lakin əsas məqsədim “Neftçi”də uğur qazanmaq, uğurlu nəticələrə fayda verməkdir. Bu gün fikrim MLS-də yox, Azərbaycan Premyer Liqasındadır".
Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilidə “Universidad Katolika” (2022) və ABŞ-da “Portlend Timbers”in (2015-2019) şərəfini qoruyub.
2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

