“Neftçi”nin 30 yaşlı argentinalı forvardı Lukas Melano ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.
- Karyeranızda ilk dəfə Avropada legioner həyatı yaşayırsınız. Maraqlıdır, bu vaxta qədər Avropa klublarından təklif almışdınız?
- Argentinada oynadığım vaxt, MLS-ə getməmişdən əvvəl Avropanın müxtəlif ölkələrindən təkliflər almışdım. Həm İspaniyadan, həm də İtaliyadan. Lakin klublar öz aralarında yekun razılığa gələ bilməmişdilər. Yekunda MLS təmsilçisi klubumla ortaq məxrəcə gələndən sonra karyeramı ABŞ-da davam etdirmişdim.
- Azərbaycanı haqda nə bilirdiniz? Yerli mədəniyyətlə maraqlanırsınızmı?
- Açığı, Azərbaycana gələnə qədər ölkə haqqında geniş məlumatlara sahib deyildim. Yalnız çempionat haqda müəyyən bilgilərə sahib idim. Bu da vaxtilə burada Argentinadan olan futbolçuların oynamasına görəydi. Bura gələndən sonra həm mədəniyyətlə, həm də Bakı şəhəri ilə yaxından tanış olmaq imkanı qazanmışam. Burada gördüklərim məndə xoş təəssüratlar yaradıb.
- “Neftçi” dekabrın 15-də əsas rəqiblərindən olan “Qarabağ”la qarşılaşacaq. Bu matçda nəyə ümid edirsiniz?
- “Qarabağ”la oyuna qədər hələ vaxt var. O vaxta qədər başqa rəqiblə qarşılaşacağıq. İstənilən halda yaxşı nəticə qazanıb, xal fərqini aradan qaldırmağa çalışacağıq.
- “Qarabağ”la aranızda 10 xallıq fərqin olduğunu nəzərə alsaq, çempionluq hədəfi nə dərəcədə real görünür?
- Çempionatın başa çatmasına çox var. Sözsüz, 10 xallıq fərq az deyil. Unutmayaq ki, futbolda hər şey mümkündür. Məqsədimiz təkcə “Qarabağ”la oyunlara köklənmək deyil. Digər komandalarla oyunlarda da diqqətli olmalıyıq ki, xal itirməyək.
- Bura gələnə qədər arzuladığınız, təsəvvür etmək istədiyiniz Avropa klubu budurmu?
- Hazırda “Neftçi”dəyəm və bu komandanın uğur qazanması üçün çalışıram. Bəli, arzuladığım çempionatlar var ki, nə vaxtsa orada oynamaq istəyirəm. Lakin ilk növbədə “Neftçi”də uğur əldə etməliyəm.
- MLS-də oynadığınız dönəmdə “Portland Timbers”dəki komanda yoldaşlarınızdan biri vaxtilə “Qarabağ”ın şərəfini qorumuş Samuel Armenteros olub. Onunla Azərbaycanla bağlı nələrisə müzakirə etmişdiniz?
- Samuellə çox yaxşı münasibətimiz var idi. Bilirəm ki, zəngin karyerası olub. Onunla ümumi mövzular ətrafında söhbətləşirdik. Amma Azərbaycanla bağlı heç vaxt danışmamışdıq.
- MLS-də tanınmışlardan kimlərə qarşı oynamısınız?
- Pirlo, Covinko, Lempard, İbrahimoviç, Droqba kimi məşhurların adlarını çəkə bilərəm. Mən ora gedəndə MLS liqası inkişaf mərhələsinə qədəm qoyurdu deyə, ulduzlar ora axışırdı.
- Adiran Mutunu indiyə qədər çalışdığınız digər məşqçilərlə müqayisə edə bilərsiniz? Ümumiyyətlə, rumın çalışdırıcının futbol fəlsəfəsi nədən ibarətdir, sizdən nələri tələb edir?
- Müqayisə etməyi düzgün hesab etmirəm. Hər məşqçinin özünə görə oyun fəslsəfəsi var. Onu deyə bilərəm ki, məşqlərimiz yaxşı keçir, sağlam kollektivə sahibik, bir-birimizi yaxşı başa düşürük. Bəzən baş məşqçinin tələblərini yerinə yetiririk, bəzən isə alınmır.
- Ötən həftə jurnalistlərin önündə Rəhman Hacıyev əyləşmişdi və mətbuat konfransından sonra qol vurdu. Bu dəfə siz əyləşmisiniz. “Turan Tovuz”la görüşdə qol vuracağınız təqdirdə növbəti həftə estafeti hansı futbolçuya vermək istəyərsiniz ki, ayağı açılsın.
- Çox istərdim ki, xoş ənənə davam etsin. Yəni mətbuat konfransında iştirak edən futbolçu qol vursun. “Turan Tovuz”a qol vursam, gələn həftə bura yenə özüm gələcəyəm.
HƏBİB / SPORTİNFO.AZ

