
“Neftçi” azarkeşləri etiraz aksiyasına start verib.
“Forza Neftçi”nin üzvlərinin səbr kasası daşıb və artıq narazılıq dalğası açıq müstəvidə görünməkdədir.
“Ağ-qaralar”ın “Zirə”ylə qarşılaşmasında tribunalardan gələn səslər stadiondakıları sözün əsl mənasında şoka saldı.
Daim komandaya dəstək verməsi ilə seçilən “forzalılar” bu dəfə etiraz şüarları səsləndirməklə müxtəlif şəxlərin ünvanına, konkret desək, klubda idman işləri üzrə müşavir vəzifəsini tutan, bununla yanaşı, bəzi legionerlərin “Neftçi”yə gətirilməsinin əsas səbəbkarı olan Kamil Məmmədova sərt sözlər işlətməklə diqqət çəkdi.
“Forza Neftçi” 12-ci dəqiqəyə qədər susdu. Bu vaxta qədər “Zirə”nin fanatları komandalarını dəstəkləyirdi ki, meydan sahiblərinin azarkeşləri onların susmasını gözləyirdi.
Qonaq tərəfdarlar sakitləşən kimi “Forza Neftçi” başladı, nə başladı:
“Qumar oynayanlar, çempionluq getdi, halaldır qoyunlar”.
“Kamil get evə, gələk oynayaq”.
“Kamil, istefa”.
“10 min yazdı, 5 min cibə”.
“Bolşe, menşe”.
“80 illiyində vurdular 8 dənə, hər kəs atdı getdi”.
“Neftçi”nin qədrini azarkeş bilər”.
Narazılıq dalğası hakimin final fitinə qədər bu və digər şəkildə səsləndirilən şüarlarla davam etdi.
Hətta tribunada açılan plakatda “Neftçi”nin “Zirə”ylə oyununun mərc kontorlarında hansı əmsalla dəyərləndirilməsi öz əksinə tapmışdı.
Xəyali rəqəmlərlə hazırlanmış parçanın üzərində zirəlilərin qalibiyyəti 69, heç-heçə 31, meydan sahiblərinin zəfəri isə 1,01 şəklində qiymətləndirilmişdi.
Bu rəqəmlərin hansı məna kəsb etdiyini əksəriyyət yəqin ki, bilir.
“Neftçi Arena”da keçirilən oyunda “Neftçi” “Zirə”ni Rəhman Hacıyevin vurduğu yeganə qol sayəsində məğlub edib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: