“Neftçi” Premyer Liqada növbəti məğlubiyyətini aldı.
Cari mövsümdə “Kəpəz”, “Araz-Naxçıvan”, “Qarabağ”, “Sabah” və “Sumqayıt” kimi rəqiblərinə uduzan “ağ-qaralar” 14-cü turda “Araz-Naxçıvan”la bacarmadı – 1:1.
Matç başa çatandan sonra komandanın aparıcı heyət üzvlərindən bir neçəsinə yaxınlaşdıq ki, mövcud durumla bağlı açıqlama alaq.
Öncə komandanın lideri olduğu deyilən Yuri Matias danışmaqdan imtina etdi, daha sonra “Neftçi”nin formasında 200-cü oyununa çıxan Rəhman Hacıyev bu yolu tutdu və ən sonda Eddi İsrafilov mətbuatla ünsiyyət qurmaq istəmədiyini bildirdi.
Yalnız Kilian Lebon özündə cəsarət tapıb sualları cavablandırdı ki, buna görə ona alqış və təşəkkür düşür.
“Neftçi”nin uğursuzluğundan danışırıqsa, hər şeydən əvvəl bu kimi məqamlara diqqət yetirməliyik. Komanda doğma meydanında xal itirirsə, adları çəkilənlərin hər biri mikrofonlar önünə keçib fikir bildirməyə məhkumdur.
Nağıl danışmağa, yaxud moizə oxumağa gərək yoxdur. İstər Yuri olsun, istər Rəhman, istərsə də Eddi – mətbuata açıqlama verib, vacib 2 xalın itkisinə görə stadiona toplaşan azarkeşlərdən üzr istəməlidir.
Ağ-qara formanın ağırlığını dərk etdiklərini deyib, ən qısa zamanda uğursuzluq zolağından çıxacaqlarına söz verməlidirlər.
Yox, işıqlı sabaha inamları yoxdursa, baş məşqçiyə güvənmirlərsə, bunu da hansısa yolla bizə, yaxud rəhbərliyə çatdırmaq borclarıdır.
Daş atıb qonşunun şüşəsini sındırıb gizlənən uşaqlar kimi başına papaq qoyub avtobusa qaçmağın adı qorxaqlıqdır, başqa heç nə.
“Neftçi”də yüzminlər qazanırsınız, halal xoşunuz olsun. Adığınız pulun məsuliyyət daşının altında həm də mətbuat vasitəsilə azarkeşlərlə ünsiyyətin ağırlığı dayanır.
Mətbuata və ictimaiyyətə hörmətsizlik edirsinizsə, bu, başqa məsələ. Bu hörmətsizliyin hesabını sizə pul verənlər sizdən soruşmalıdır.
HƏBİB