COP29

Rəhbərlik də başverənlərə Mutu kimi reaksiya versə, vay “Neftçi”nin halına!

1 Dekabr 2023 17:00 Neftçi 805
Rəhbərlik də başverənlərə Mutu kimi reaksiya versə, vay “Neftçi”nin halına!

“Neftçi” üçün uğursuz mövsüm davam edir.

“Ağ qaralar” bu dəfə “Araz Naxçıvan”la görüşdə meydanı xal itkisi ilə tərk edib – 1:1.

Bununla da komanda mövsümdə 9-cu dəfə meydanı qələbəsiz tərk edib.

Söhbət 14 turdan sonrakı mənzərədən gedir.

Həmin 9 görüşdən 5-də məğlub olan bakılılar, digər 4 görüşdə heç-heçəyə razılaşmalı olublar.

Hazırda 19 xalla 6-cı pillədə qərar tutan Mutunun komandasını sonuncu pillədə qərarlaşan “Kəpəz”dən vur-tut 9 xal ayırır.

Sosial şəbəkələrdə bu durumu ələ salan, “Neftçi”nin bu gedişlə Premyer Liqadan düşəcəyini iddia edən izləyicilər az deyil.

Həm də “Neftçi”li olan izləyicilər.

Məncə, belə bir narahatlığa heç bir əsas yoxdur.

“Neftçi”nin adı, formasının çəkisi belə bəsdir ki, nəinki liqada qalsın, hətta sonda ilk üçlükdə də qərar tuta bilsin.

Elə sonda belə olacağına da şübhəm yoxdur.

Amma əsla bunu indiki “Neftçi” adına uğur saymaq olmaz. Məgər Mutunu burunc medal qazanmaq üçün Bakıya gətiriblər?

Elə idisə həmin buruncu, gümüşü istənilən azərbaycanlı məşqçi də bu büdcə, bu heyətlə asanlıqla əldə edə bilərdi.

Demirəm ki, rumıniyalı ilk ilindəcə “Qarabağ”ın uzun illərə söykənən sisteminə qalib gəlməli və çempion olmalıdır.

Ancaq həmin sistemə qarşı layiqli mübarizə apara biləcək ruha sahib komanda formalaşdırmaq olar(dı).

Bunun üçün yetəri qədər büdcə ayrılıb, dəstək göstərilir.

Bunun qarşılığında nəinki “Qarabağ”a qarşı dirəniş göstərən “Neftçi” görürük, hətta autsayderlər önündə aciz qalmasına şahidlik edirik.

Müsahibə və açıqlamalarından sezilirik ki, əcnəbi çalışdırıcı bu duruma müdaxilə etməkdə acizdir.

Artıq onda günü günə calamaq elementləri sezilir.

Rəhbərlik də başverənlərə Mutu kimi reaksiya versə, vay “Neftçi”nin halına.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"