COP29

“Neftçi”ni gözdən salan adam

29 Noyabr 2023 17:20 Neftçi 1 879
“Neftçi”ni gözdən salan adam

On milyonlar üzərində qurulan “Neftçi” cari mövsümdə növbəti dəfə qələbə üzünə həsrət qaldı.

Paytaxt təmsilçisi Premyer Liqanın debütantı, yayda 1 aylıq müddətdə qurulan, çempionatın ilk yarısında məğlub olduğu “Araz-Naxçıvan”la 1:1-lik sülhə razılaşdı.

“Neftçi” udmalı olduğu oyunda 2 xalı öz əli ilə kənara atdı. Daha doğrusu, baş məşqçi Adrian Mutu komandasına bu addımı atmağa məcbur etdi.

Hər dəfə ağzını açanda çalışdığı klubun ağırlığından, şan-şöhrətindən, nüfuzundan bəh-bəhlə danışan rumıniyalı məşqçi “Neftçi”ni məhəllə komandasının gününə salıb. “Araz-Naxçıvan”la matçın ikinci yarısında hətta Naxçıvan təmsilçisinin rəsmiləri də rumıniyalının qərarlarına gülürdü. Bu barədə bir az sonra.

Azər Bağırova oyunu dəyişib nəticə qazanmaq üçün 15 dəqiqəlik fasilə bəs etdi. Hissələrarası fasilədə birdən-birə 4 əvəzetməyə əl atan azərbaycanlı mütəxəssis komandasının oyun planında ciddi irəliləyişə nail olmaqla rəqibi qapısına “oturmağa” məcbur etdi. Kollektivə verdiyi motivasiya, son saniyələrə qədər mövqelər üzrə bildirdiyi iradlar Bağırovun və “Araz-Naxçıvan”ın xeyrinə işlədi.

Mutu nə etdi?

Komandası topa nəzarət etməli, ikinci qolu vurmalı olduğu anlarda – 69-cu dəqiqədə iki əvəzetməyə əl atdı.

Reziuan Mirzovun Kilian Lebonla əvəzlənməsi mövqe dəyişikliyi idisə, hücumameylli Andre Şinyaşikinin yerinə meydana mərkəz müdafiəçisi Höccət Haqverdini buraxmaq “Neftçi” adına rəzalətdən başqa bir şey deyildi.

“Neftçi” 5 müdafiəçi ilə qapısına “sıxıldığı” vaxtda rumın çalışdırıcı növbəti “möhtəşəm” addımla yadda qaldı. O, bu dəfə yorulmaq bilməyən Rəhmanı Eddi İsrafilovla əvəzlədi ki, “ağ-qaralar”ın cərimə meydançasının daxilində və əhatəsində sıxlıq yaransın. Üstəlik, Emin Mahmudova da arxa xəttə kömək etməyi tapşırdı.

Mutu etdiyi oyunçu dəyişikliklərindən sonra iki epizodda irəlidə olan tək-tük sayda futbolçularına da geriyə qayıtmağı tapşırmaqla “Araz-Naxçıvan”ın qol vurmasına şərait yaradırdı.

Məlum dəyişikliklər azmış kimi, Rza Cəfərov bir neçə epizodda topu oyuna daxil etməkdə gecikdirir, Yuri Matias yerdə qalır, Azər Əliyev aut atışı zamanı yanında olan topu axtarırdı.

“Neftçi” kimi komanda dünən qurulan və büdcədən özündən azı 5 dəfə aşağıda olan “Araz-Naxçıvan”la oyunda 8 futbolçu ilə müdafiə olunursa, futbolçular vaxt udmağa çalışırsa, rəqib “Qarabağ”, “Zirə”yaxud “Sabah” olanda nə edəcəklər?

Adrian Mutu milyonların sevdiyi əla futbolçu olub. Amma məşqçi kimi yetişməyib və bundan sonra çətinə yetişə.

Azər Bağırovun məşqçi savadına görə “qatlayıb cibinə qoyduğu” rumıniyalı mütəxəssis “Neftçi”ni uçuruma aparır. Vaxtında çarə tapılmasa, bakılılar mövsümə ”qızıl”la “gümüş” bir yana, heç “bürünc”lə də başa vura bilməyəcək.

“Neftçi”ni uçuruma sürükləyən bir nömrəli adam Adrianın özüdür, başqa yerdə axtarmağa gərək yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"