
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb.
Bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə reallaşıb
Təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitən görüşdə Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb.
O, 2-ci dəqiqədə Azər Salahlı ilə əvəzlənib. Azarkeşlər Abışovu alqışlarla yola salıblar.
Karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş Ruslan Abışov ötən ay karyerasını bitirdiyini açıqlayıb.
Ruslan "Neftçi" klubunun yetirməsi olub. Yetirməsi olduğu klubda meydana çıxıdığı 150 matçda 12 qol, 1 assistlə yadda qalıb.
"Neftçi" rəhbərliyinin sevimli yetirməsinə sahib çıxması, onun son arzusunu reallaşdırması alqışa layiqdir.
Bu addımına görə rəsmilərə əhsən düşür.
Amma deyəsən, Ruslanla vida son yox, yeni ənənənin başlanğıc olacaq.
Artıq dünəndən "ağ qaralar"ın azarkeşləri sosial şəbəkə hesablarında Abışovdan sonra bir başqa "Neftçi" əfsanəsi Zaur Tağızadə üçün də vida matçının təşkil olunmasını dilə gətiriblər.
Hətta tələb ediblər.
Zaur Tağızadə 1979-cu il fevralın 21-də Bakıda doğulub. Mövqeyi yarımmüdafiəçi olub.
Karyerası ərzində İslandiyanın “Akranes”, Estoniyanın “Lelle”, “Flora” (Tallin) və Azərbaycanın “Kür-Nur” (Mingəçevir”, “Şəfa”, MOİK, Neftçi klublarında oynayıb. Milli komandanın aparıcı üzvlərindən olub, 40 oyunda 6 dəfə fərqlənib..
O, 2004-2010-cı illər ərzində Bakı klubunun şərəfin qoruyub.
Meydana çıxdığı 132 matçda rəqib qapılarını 31 dəfə silkələyib.
Bu qolların əksəriyyəti vacib matçlara təsadüf edir.
Məsələn, qızıl oyunda "Xəzər Lənkəran"ın qapısından keçirdiyi qol "Neftçi"yə bəlkə də tarixinin ən dəyərli çempionluq titulunu qazandırmışdı.
Azərkeşlərin sevimli futbolçusu "Neftçi"dən layiq olmadığı şəkildə yol salınmışdı.
Aldığı yaxşı təkliflərə rəğmən "Neftçi"ni tərk etməyən Zaur 2010-cu ildə karyerasına son qoyub.
Əvəzedici komandada məşqçi kimi çalışan "22 nömrə" qısa müddət sonra birdəfəlik sevimli klubundan ayrılmalı olmuşdu.
Azərbaycan futbolunun "qızıl oğlan"ı 12 ildən çoxdur "Qarabağ"da köməkçi məşqçi kimi çalışır.
Fanatların tək istəyi illər sonra 1 günlük olsa da Zauru "Neftçi" formasında yenidən görmək, alqışlarla vida etməkdir.
İndi meydan "Neftçi" rəhbərliyindədir. Görək, tərəfdarların illərdi arzuladığı hadisə gec də olsa reallaşacaqmı...
Xanoğlan İmanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.