Bakıya gələn “Zenit”də nə var, nə yox? – 153 milyonluq komanda...

17 Noyabr 2023 20:00 Neftçi 1 453
Bakıya gələn “Zenit”də nə var, nə yox? – 153 milyonluq komanda...

“Neftçi” milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum yararlanmağa çalışır.

Baş məşqçi Adrian Mutu iki həftəlik müddətdə komandasının Rusiya “Zenit” ilə yoldaşlıq görüşü keçirməsinə razılıq verib.

“Neftçi Arena”da keçiriləcək oyun noyabrın 18-də baş tutacaq.

Rusiya klublarının məlum səbəblərdən UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarda qalmasına görə Sankt-Peterburq təmsilçisi avrokuboklarda iştirak etmir.

Ötən mövsümü çempion qismində başa vuran Sergey Semakın çalışdırdığı kollektivin Premyer Liqada işləri pis getmir. “Zenit” 15 turdan sonra topladığı 30 xalla 2-ci pillədə qərarlaşıb ki, lider “Krasnodar”dan 2 xal geri qalır.

Noyabrın 11-də bu komandalar arasında çempionatın ən maraqlı qarşılaşmalarından biri baş tutub. Sankt-Peterburqdakı oyunda komandalar hərəyə 1 dəfə fərqlənib.

Həmişə olduğu kimi, “ağ-göylər”in özəyini yenə legionerlər təşkil edir.

Braziliyadan olanların çoxluq təşkil etdiyi kollektivdə bu ölkədən olanların sayı 7-dir. 2 futbolçu Kolumbiyadan, hərəyə 1 nəfər olmaqla Fransa, Serbiya, Belarus və Qazaxıstandandır.

Semak “çərçivə”də üstünlüyü Mixail Kerjakova verir.

Müdafiənin əsas simaları transfer dəyəri 25 milyon avro olan kapitan Duqlas Santos, Straxinya Erakoviç, Vyaçeslav Karavayev və Nurali Alipdir.

Yarımmüdafiədə əsas üstünlük braziliyalılar – Qustavo Mantuan, Vendel, Klaundinyoya, həmçinin rusiyalı Aleksandr Yeryoxinlə kolumbiyalı Vilmar Barriosa verilir.

Komandanın “vuran ayağı” Mateo Kassyerradır. 26 yaşlı kolumbiyalı cari mövsümdə meydana çıxdığı 14 oyunda 12 qol və 2 assistlə yadda qalıb. Vurduğu 5 qolla diqqətləri üzərinə çəkən İvan Sergeyev isə Mateonun əvəzedicisidir.

Semakın təmsilçimizlə oyunda hansı heyətə şans verəcəyini demək çətindir. Lakin istənilən halda futbolçuların ümumi bazar dəyəri 153 milyon avro təşkil edən komandanın Bakıya səfər etməsi xoş haldır. Təki “Neftçi” bizi utandırmasın.

Bildirək ki, bu ilin yayında Sankt-Peterburqda təşkil olunan “PARİ Premyer” turnirində iştirak edən “ağ-qaralar” “Zenit”lə qarşılaşmış, oyun Rusiya təmsilçisinin 3:1 hesablı qələbə ilə başa çatmışdı.

Noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti