"Neftçinin Veteranları" futbol klubu kiçik müəssisəsi məhkəməyə verilib.
Sportinfo.az xəbər verir ki, qaynarinfo-nun ədə etdiyi məlumata görə, müəssisə haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə iş qaldırılıb.
Bir neçə gün əvvəl, konkretləşdirsək, Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə qarşılaşmaq üçün səfərə yollanan "Neftçi"nin avtobusu yüngül qəza keçirmiş, xoşbəxtlikdən xəsarət alan olmamışdı.
Qəzaya görə bir müddət ləngiyən komanda elə həmin avtobusla yoluna davam etmişdi.
Sözügedən maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

