"Neftçi”dəki legionerlər bizim yerli futbolçulardan artıq deyillər ki, əskikdirlər"

11 Aprel 08:50 Neftçi 522
"Neftçi”dəki legionerlər bizim yerli futbolçulardan artıq deyillər ki, əskikdirlər"

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Qarabağ”la qarşılaşan "Neftçi” 0:4 hesablı məğlubiyyətə uğradı.

Düzdür, hələ qarşıda bir 90 dəqiqə olmasına baxmayaraq,0 əksəriyyət "Qarabağ”ın artıq kubokun finalına yüksəldiyi qənaətindədir.

Təbii ki, bu cür düşüncələrə rəvac verən həm də "Neftçi”nin sərgilədiyi məzmunsuz oyundur.

Klubun sabiq futbolçularından olan, karyerasının böyük hissəsini məhz "Neftçi”də keçirmiş Asif Əliyev də narazıdır.

Sportinfo.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında həm "Neftçi”nin çıxışına, həm də AFFA-dakı dəyişikliyə münasibətini bildirib:

"Neftçi”nin durumu biabırçılıqdır. Belə komanda olar? Pis təsir bağışladılar. Belə "Neftçi” olar? Komandanın bu duruma düşməsinə səbəb məşqçilərdir, oyunçulardır.

Bu nə legionerlərdir? Bizimkilər heç də zəif deyildi. Onları niyə yığıblar komandaya? Bu boyda xərc çəkirlər, legionerlər gətirirlər.

Onlar isə istədiyimiz futbolu göstərmirlər. Legioner "Qarabağ”dakı kimi olar. UEFA-nın bayrağı altındakı oyunlarda iştirak edən legionerlər kimi. "Neftçi”dəki legionerlər bizim yerli futbolçulardan artıq deyillər ki, əskikdirlər.

Baxın, "Neftçi”nin "Turan Tovuz”a göndərdiyi futbolçular əsas heyətdə oynayırlar. Yavaş-yavaş da artıracaqlar”.

Əliyev "Neftçi” rəhbərliyindəki dəyişikliklərdən sonra komandanın durumunun yaxşı olacağına inanır:

"Allah Böyükağa Hacıyevə rəhmət etsin, həmişə rus dilində deyirdi ki, "sveji qan” lazımdır. Yeni gələnlər də yəqin ki, fikirləşəcəklər. "Neftçi”nin dərdi bizi öldürəcək. Biz veteranlara hər oyunda yer verirlər, sağ olsunlar, stadiona gedirik”.

Veteran futbolçu AFFA-dakı dəyişikliklərə də münasibətini bildirib:

"Yeni rəhbərliyi təbrik edirəm. Görək futbolumuzun gələcəyi necə olacaq. Yeni nəfəs gəlib kollektivə. Düzdür, yeni tərkibdə futbol adamlarının sayı azdır.

Əvvəlki illərdə futbolun içindən çıxmış ən azı 3-4 futbol adamı vardı. Amma futbolumuz yenə də yerində addımlayırdı. Dəyişikliklər olsa, güclü mütəxəssisləri bir yerə yığıb söhbət etsələr, futbolumuz irəli gedəcək”.

Digər Xəbərlər
Xəbər Lenti