Niyə “Paris faciəsi”ni yaşamadıq?

16:00 Milli komanda 747
Niyə “Paris faciəsi”ni yaşamadıq?

Daha böyükhesablı məğlubiyyət gözləyirdi əksəriyyət.

Uduzacağımız çox öncədən bilinirdi, açığı.

Çətin ki, möcuzə də bizi xilas edərdi. Şans tamamən sıfır!

Parisdən xal gətirsəydik, bu, artıq Avropada həftənin deyil, ayın, hətta bəlkə ilin sensasiyası sayılacaqdı. Arada dağ-dərə uçurumunun olduğu yerdə bu kimi nəticələr mövcud halımıza bab gəlmədiyindən.

«Məğlubiyyətlə məğlubiyyət arasında fərq yoxdur» prizmasından çıxış etməyək indi. Fərq var.

Biri var səfər tədarükünü görəndə, təyyarəyə minəndə, getdiyin aeroportun gözəl zalına daxil olanda, stadionun paltardəyişmə otağına ayaq basanda, meydanda isinmə hərəkətləri edəndə məğlubiyyətlə barışasan, 90 dəqiqə ruhsuz bədən kimi ora-bura döyükəsən, bir də var, dirənəsən, bacardığın qədər müqavimət göstərəsən.

Fernandu Santuşun vaxtında birinci idi, Ayxan Abbasov gələndən ikinci.

Futbolçularımız Santuşu istəmirdi, yanaşmasını qəbul etmirdi. Təhər-tövrünü, məşq və oyun sistemini bəyənmirdi, dodaq büzürdü.

Atmosfer ağır idi düşərgədə, kimi dindirirdin, bol-bol gileylənirdi.

İstər Fernandu Santuş, istərsə də Ayxan Abbasov müdafiədən qurulan oyunun vurğunudur. Kağız üzərində ikisinin də baxışları eynidir, demək olar ki.

Diqqət elə, iki məşqçinin fərqi burada özünü göstərir - portuqaliyalı texniki zonada yad cism kimi görünürdüsə, azərbaycanlı həmkarı sanki o 11 nəfərdən biri idi.

Onları dayanmadan idarə edir, bəzən qışqırır, bağırır, bəzən də sözlə tumarlayırdı.

Sakitləşmək bilmədi - ta əvvəldən axıra kimi. Santuş lal kimi dayanardı amma.

Abbasov texniki zonadakı emossional davranışları ilə komandanı ruhdan düşməyə qoymadı, odur ki, «Oser faciəsi» təkrarlanmadı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti