Azərbaycan yığmasının baş məşqçisi bəlli oldu - Natiq Muxtarlı yazır

7 Fevral 2020 13:12 Köşə 2 724
Azərbaycan yığmasının baş məşqçisi bəlli oldu - Natiq Muxtarlı yazır

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib ki, əgər yığmanın baş məşqçisi əcnəbi olacaqsa (əgərsiz-zadsız əcnəbi olacaq), o, mütləq Azərbaycanı sevməli, mentalitetimizə, adət-ənənələrimizə hörmət etməlidir.

Məsələn, Avropada ilinə 250 min avroya iş tapa bilməyən birisi (Yurçeviç heç o məbləğə də iş tapa bilmir), Azərbaycanda ildə 1 milyon avro məvacib alacaqsa, “bunlar axmaqdırlar ki” deməməlidir.

Əksinə, “Azərbaycanlılar qonaqpərvər, ürəyiyuxa millətdir, hətta mütəxəssis olmayanı da himayə edirlər (ortada Lippert nümunəsi var axı), özlərindən çox əcnəbilərə hörmət göstərirlər ki, bu da nökərçilik xislətinin yox, multikultural olmağın göstəricisidir” deməlidir.

Bu adam mütləq və mütləq xəngəli sevməli, kababı gözünə təpməlidir, heç olmasa ayda bir dəfə öz ölkəsinin mətbuatına açıqlama verib “dolma Azərbaycanındır” deməlidir.

AFFA rəhbərliyi təcrübəli mütəxəssisin dediklərinin qulaqardına vurmasa, Novruz bayramına qədər yığmanın baş məşqçisini ölkəyə gətirməlidir. Nöşün ki, Novruz bayramında adət-ənənələrlə tanış olmaq olduqca münasib vaxtdır.

Şəkərbura, paxlava, qoğal yeyib bir az ətə-qana gələr, Keçəl və Kosa ilə söhbətləşib mentalitetimizdən də xəbərdar olar. Başa düşər ki, məsələn, dövlətin futbolun inkişafı üçün ayırdığı vəsaitdən mütləqdir ki, “keçələ” pay çatsın. O payı isə kosa “yumalıdır”.

Əcnəbi mütəxəssis yumurta döyüşdürməyi mənimsəməlidir. Yumurta döyüşündə bir-sıra məqamlar var ki, onu bilmək vacibdən də vacibdir. Birincisi, yumurtanın bərkliyini dişə vurmaqla müəyyənləşdirməkdir. Bu, həm də insanların “dişə vurulması” deməkdir. Yəni insanın bərk, yoxsa boş adam olduğunu bilirsən. AFFA-da boş yumurtalar, çaşdım ey adamlar işləyə bilməzlər. Sabah hardasa boşluq buraxa bilərlər ki, səsi pis çıxar.

Üstəlik, yumurta döyüşdürdüyün adamın da fərqində olmalısan. Bu, böyük-kiçiyə hörmət və ehtiramı özündə təzahür etdirir. Məsələn, heç vaxt AFFA prezidenti Rövnəq Abdullayevin yumurtasını sındıra bilməzsən.

Rövnəq müəllimlə yumurta döyüşdürürsənsə, öz yumurtanı elə tutmalısan ki, müəllim ona istədiyi yöndən zərbə endirsin ki, asanlıqla qırılsın. Adam çörək verəndir axı. Azərbaycanda da çörək yediyin qaba tüpürmək, ya da çörəkverənə qarşı çıxmaq böyük tərbiyəsizlik sayılır. Məsələn, Məşqçilər Komitəsinin bütün üzvləri yaşda Rövnəq müəllimdən böyükdürlər. Amma heç vaxt onun üzünə ağ olmayıblar, nə deyibsə, onlar da xorla “bə çeşm, ağa” deyiblər.

Belə məqamları yeni baş məşqçiyə elə komitə üzvləri öyrətsə yaxşı olar. Necə də olmasa, böyük təcrübələri var. Bu işi Elxan Məmmədovun “qaqulya”larına etibar etmək olmaz.

Onlar Azərbaycan mentalitetinə yad adamlardır. Hətta Rövnəq müəllimin yanında saqqız da çeynəyirlər. Bir sözlə, Azərbaycan yığmasının baş məşqçisi bəllidir. Ağasəlim Mircavadov onun xarakterini cızıb. İndi qalır belə əbləhi axtarıb tapmaq. Axtarın!

Natiq Muxtarlı

Xəbər Lenti