Elxan Məmmədovun “günah keçisi” olan sabiq nazir

7 Aprel 2022 20:00 Köşə 952
Elxan Məmmədovun “günah keçisi” olan sabiq nazir

Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, AFFA-nı Elxan Məmmədov idarə edir.

Futbolla bağlı bütün strategiyalar məhz icraçı vitse-prezidentin beyninin məhsuldur (buna məhsul demək mümkünsə).

Cəmiyyətin bu iddiasına qarşı çıxmaq üçün əlimdə tutarlı fakt yoxdur. “Od olmasa, tüstü də çıxmaz” deyirlər axı. Bir də “görünən dağa nə bələdçi” misalı var. Hər şey elə kənardan da görünür.

Amma sözümün “mustafası” Azərbaycanda futbolun başına hörülən torun “mühəndis”inin Elxan Məmmədov olduğunu sübut etmək deyil.

Yox, məramım başqadır. Elə Elxan Məmmədovun özünə də bir neçə dəfə bu kontekstdə sual verilib: deyirlər ki, hər şeyi siz həll edirsiniz.

Cavabı isə belə olub: “Hər şeyi İcraiyyə Komitəsinin üzvləri həll edir”. Elxan Məmmədova nifrət edə bilərsiniz.

Amma bu adam həqiqətən də strarteqdir. Hamı bilir ki, hər şeyi edən odur. Amma heç kim də heç nəyi sübut edə bilməz, hüquqi müstəvidə.

Elxan Məmmədov monopoliyaya aldığı sahədə işini mükəmməl qurub. Gələcəkdə onu gözləyəcək ittihamlardan yayınmaq üçün “günah keçisi” və ya “keçilər”i var artıq. Əksəriyyəti də zırpı-zırpı adamlar.

Deyək ki, sabah AFFA-da korrupsiya əməliyyatı aparıldı və Elxan Məmmədov həbs edildi.

Müstəntiqlər ondan soruşurlar: “Sizin nə marağınız vardı ki, uzun illər yığmanı əcnəbilərə tapşırır, ölkənin külli miqdarda valyutasını xaricilərə verirdiniz?”

Cavabı dərhal aydındır:

“Mənim yığmaya baş məşqçi təyin etmək səlahiyyətim yoxdur. Bu səlahiyyət İcraiyyə Komitəsinin üzvlərinə aiddir. Biz yalnız namizədi təklif edirik, təsdiqləyən isə onlardır”.

Vəssalam. Bundan sonra müstəntiqlər nə etməlidirlər? Əlbəttə ki, günah keçiləri”nə - İcraiyyə Komitəsinin üzvlərinə verməlidirlər bu sualı.

Bəs Elxan Məmmədov üçün “günah keçisi” olmağa razı olanlar kimlərdir? İsgəndər Cavadov, Vaqif Sadıqov, Kazbek Tuayev, Rauf Əliyev...

Bunlar heç, siz Elmar Məmmədyarovdan danışın ey...

Hə, sabiq xarici işlər nazirini deyirəm. Uzun illər ölkənin xarici siyasətini icra edən adam niyə Elxan Məmmədovun “günah keçisi” olmağa razılıq versin?

Axı sən diplomat olubsan. Axı sən zırpı-zırpı siyasətçilərlə bir masa arxasında müzakirələr aparıbsan.

Siyasət həm də nəhəng intriqadır axı. Elmar müəllim bu vəzifədə nə öyrənib? Belə görünür ki, heç.

Nə isə öyrənə bilsəydi, Elxan Məmmədov üçün “günah keçisi” olmağı özünə rəva görərdimi? Deməli, Azərbaycanın xarici siyasətinə uzun illər diplomatiyadan anlayışı olmayan birisi rəhbərlik edib.

Dərd budur ey, “student qədeş”.

Elxan Məmmədovun Azərbaycan futbolunu idarə etməsinə niyə təəccüblənək ki? Bir halda ki, sabiq xarici işlər naziri onun “günah keçisi”dir.

Elxan Məmmədov nəhəng kadrdır. Diplomatı özünə “günah keçisi” edə biləcək qədər nəhəng. Onu futbol təsərrüfatında niyə gizlədirlər?

Natiq Muxtarlı

Xəbər Lenti