Dünənki "Olimpiakos" Bakıya gəlsə…

22 İyul 2021 11:00 Köşə 2 077
Dünənki "Olimpiakos" Bakıya gəlsə…

«Olimpiakos» dünən Bakı vaxtı ilə 23:00-dək elə təqdim olundu ki…

Sanki bir dünya divi. O divi meydanda görən oldumu 90 dəqiqə ərzində?

Nəinki izi, heç tozu da yox idi.

«Olimpiakos» bizim tam istədiyimiz bir rəqibdir. Həm özləri oynayır, həm də rəqibə oynamaq şansı yaradır. Bu imkanı verir, özü də bolluca. Nə pressinq edirlər, nə də temp artırırlar.

Açığı, «Neftçi» gözləmirdi bunu. Oyundan öncə «Olimpiakos» haqda onlara nə deyilmişdi, nə deyilməmişdisə, ilk 5 dəqiqədən sonra təəccüblə bir-birlərinə baxırdılar.

«Yox e… deyilən qədər deyilmişlər, biz bunlarla oynaya, hətta qol və ya qollar da vura bilərik» - belə bir sevinc dolu heyrət ifadəsi dolaşırdı üzlərində.

Həqiqətən o fürsətlər də ayağa gəldi. Birinci hissənin əvvəlindən fasiləyə kimi. Hesabı açmaq, sonra status-kvonu ğərppa etmək, önə çıxmaq da mümkün idi bu dəqiqələrdə.

«Dinamo» yunanlardan daha təhlükəli görünmüşdü. Tblisidə də, Bakıda da gürcülər qorxulu anlar yaşatmışdı «Neftçi»yə.

Həmin oyunlarda rəqibin fərdi, kobud, uşaq səhvləri olmasaydı, «Neftçi», böyük ehtimalla, Çempionlar Liqasından ələnmişdi.

«Dinamo»dan fərqli, «Olimpiakos» öz meydanında «diş»ini qıcamadı, kəsərini, gücünü göstərmədi, əsasən də ilk yarıda qonaqlarına yuxarıdan-aşağı baxdı.

Üç-dörd aparıcı futbolçusunu ehtiyatda saxlayan ev sahiblərinin qonaaqpərvər futbolu sonluğu heç-heçəyə aparırdı, zira, Məhəmməd Kamaranın 29-cu dəqiqədə gedişata uyğun gəlməyən, bir qədər də təsaadüfi qolu olmasaydı.

«Olimpiakos»un ən bahalı legioneri qapı önünə asma etmək niyyəti ilə Aqil Məmmədova tərəf göndərdiyi top qapıçının baxışları altında uzaq küncün torunu silkələdi.

Yunanlar bu qoldan əvvəl olduğu kimi, sonra da «Neftçi»ni təhdid etmədi. Hücuma böyük qüvvə ilə çıxmayıb, sakit bir tərzdə final fitinin səslənməsini gözlədilər.

Daha çox məşqə bənzəyən yanaşması ilə «Neftçi»yə ürək-dirək verən «Olimpiakos»daan Kamaranın qırmızı vərəqə alması oyunu bəzən sərt məcraya keçirmək təşəbbüsündən xəbər vermirdi.

Bu, ani ehtiyatsızlııqdan doğan bir refleks idi və nə yaxşı ki, Namiq Ələsgərov dəqiqələr sonra özünə gələ, ayağa qalxa bildi.

Sadəcə, dəhşət! Mən təsəvvür etməyə çalışıram ki, Namiqin oyunu ekran başından izləyən ailəsi, digər doğmaları həmin anlarda hansı hisslər yaşayıb, haldan-hala düşüb, əllərini göyə açaraq Tanrıya yalvarıb, dua edib. Sağ-salamat olsun, xəta ötüşsün deyə.

Şükür, yaxşı qurtardı: el deyimi ilə hadisəni obrazlaşdırsaq, anası namaz üstəymiş Namiqin.

Onun başına gələn olay «Neftçi»nin konsentrasiyasını zəiflətdi. Samir Abasov Namiqin yoxluğu ilə tez barışdı, hər halda icraatına təcili əmr verəcəyi B planını işə salmadı. Belə bir niyyəti var idisə belə, hiss olunmadı.

Pirey şəhərinin qonaqları «Olimpiakos»u aradabir Sabir Buqrin və Sezar Meza Kolli ilə narahat etməyə qalxdı, onları da yüzfaizlik epizod kitmi təqdim etmək ağır təsvirdir.

90 dəqiqəni ümumən qiymətləndirsək, «Neftçi» Ellada torpağında ciddi zərərə uğramadı. Bu «Olimpiakos»u Bakıda 2 top fərqiylə udmaq, mərhələ adlamaq olar.

Söhbət bilavastə dünənki «Olimpiakos»dan gedir. Bakıya gələcək «Olimpiakos»un dünənki «Olimpiakos» olması ümidi ilə…

Xəzər Hikmət

Xəbər Lenti