“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yay transfer pəncərəsinin əsas hədəflərindən birinə çevrilib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” italiyalı futbolçunu heyətinə qatmaq üçün aktiv danışıqlar aparır.
“Qırmızı şeytanlar” 25 yaşlı yarımmüdafiəçinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir və transferin reallaşması üçün ciddi addımlar atır. Tonali uğrunda mübarizədə “Mançester Yunayted”in əsas rəqibi “Mançester Siti” hesab olunur.
Onun yenidən İtaliyaya qayıtması real görünmür, çünki A Seriyası klubları maliyyə baxımından İngiltərə təmsilçiləri ilə rəqabət apara bilmir.
“Transfermarkt” portalının qiymətləndirməsinə görə, Tonalinin bazar dəyəri 80 milyon avro təşkil edir. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

