Ramil Şeydayevi qaytaran adam

5 İyun 2021 16:00 Köşə 3 631
Ramil Şeydayevi qaytaran adam

Ramil Şeydayevi futbol ictimaiyyətimiz tanıdığı ilk gündən "istedadlı futbolçudu" deyə iddia edib.

Təbii ki, istisnalar xaric.

Səhv iddia da deyil. Həqiqətən, Şeydayev çox istedadlı futbolçudur. Sadəcə əfsuslar olsun ki, o, hələ də haqqında deyilən o istedadı göstərə bilmir.

Çox klub dəyişdi, çox məşqçilərlə işlədi, amma gözlənilən stabilliyə çata bilmədi. Karyerasının ən ağır günləri isə Visente Qomesin çalışdırdığı "Sabah"da oldu desək yanılmarıq. Həmin dönəm stabillik bir kənara, Şeydayev Birinci Divizona gedəcək qədər aşağı səviyyəyə enmişdi.

Yaxşı xatırlayıram o dönəmlər milli komandaya çağrılması da haqlı olaraq ciddi narazılıqla qarşılanmışdı. Amma Canni De Byazi cəsarətlə addımı ilə Ramilə dəstək olduğunu göstərmişdi. Zaman De Byazinin haqlı olduğunu üzə çıxardı.

Amma o həqiqət zamanın ortaya çıxma səbəbi Ramin Quliyevdir. Məhz onun "Sabah"a müvəqqəti baş məşqçi təyin olunması ilə sanki Ramildə ikinci nəfəs açıldı. Gənc mütəxəssisin istedadlı futbolçuya ilk gündən güvənməsi və davamlı meydanda şans verməsi Ramili özünə qaytardı.

21 turda 3 qol vuran Şeydayev, eyni sayda qolu Quliyevin gəlişindən sonra 9 tura sığdırmağı bacardı. Yəqin ki, çempionat davam etsəydi statistika da ciddi şəkildə müsbətə doğru dəyişəcəkdi. Təkcə fərqlənməyi yox, o, həm də hücumların qurulmasında önəmli rol alan fiqurlardan birinə çevrildi.

Əbəs deyil ki, öncəki toplanışdan fərqli olaraq, bu dəfə Ramil milliyə dəvət almasa ciddi narazılıq yaranmış olacaqdı.

Belarusla oyundakı əla zərbə ilə millimizə qələbə gətirən qolu vurması "Ramil qayıtdı" ismarıcının növbəti əyani xəbərdarlığı idi. Əgər bu tempdə davam edərsə, daha yaxşı Ramil görə biləcəyimizə inanmaq olar.

Buna görə isə Ramilin timsalında hamımız adından Ramin müəllimə mütləq "çox sağ ol" düşür. Çünki Ramil təkcə onun çalışdırdığı "Sabah" üçün yox, həm də hamımızın millisi olan Azərbaycan yığmasını lazımlı futbolçudur.

Xanoğlan İmanov

Xəbər Lenti